"Diasporla Gündəm"in növbəti qonağı tarix üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov olub.
K.Əsədovla söhbət zamanı xaricdəki Azərbaycan məktəbləri, soydaşlarımızın təhsil problemləri kimi bir sıra vacib məsələlər müzakirə edilib.
Ekspert bildirib ki, xaricdə yaşayan azərbaycanlıların təhsil ilə bağlı vəziyyət ürəkaçan deyil:
"Atılması vacib olan addımlardan biri xaricdəki məktəblərdə Azərbaycançılıqla bağlı ixtisaslar, fakültələr və dil olmalıdır. Qonşu Gürcüstanda azərbaycanlılar üçün məktəblərin sayı azdır. Oradakı soydaşlarımızın sayı ilə məktəblərin müqayisəsini apardıqda vəziyyətin aşağı olduğunu müşahidə edirik. Qardaş Türkiyədə də məktəblər var, amma yuxarı sinif şagirdləri arasında kadr hazırlığı həyata keçirilmir. Avropada və ABŞ-da bir sıra mədəniyyət mərkəzləri var ki, onların daxilində Azərbaycan dilinin tədrisi ilə məşğul olur, amma hüquqi sənəd verilmir. Hesab edirəm ki, "Azərbaycan Respublikasının Təhsil haqqında" qanuna dəyişiklik edilməlidir. Bu istiqamətdə təkcə ölkəmizin suveren ərazilərində deyil, Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımız üçün də dövlət nümunəsinin verilməsi ilə nəticələnən imtahanlar təşkil edilməlidir".
Onun sözlərinə görə, Azərbaycan ali təhsil müəssisələri xaricdəki alim və professorları birgə əməkdaşlığa cəlb edə bilmirlər:
"Ciddi boşluqlar var. Hüquqi baxımdan da problemlər mövcuddur. Azərbaycanlı gənclər və professorların hansı ölkələrdə təhsil almaları ilə bağlı statistika apardıq və məlum oldu ki, tibb sahəsi üzrə təhsil alanlar daha çox Almaniyaya üz tuturlar. Tibb Universitetinin müəllim və tələbələri ən azından həmin mütəxəssislərlə onlayn görüşlər təşkil etməlidir. Universitetlərimiz hər hansı bir tədbirin təşkili üçün xərclədiyi külli miqdarda vəsaiti alimləri cəlb etmək yönündə sərf edə bilərlər, dayanıqlı iqtisadiyyatımız var, amma bunu görmürük”.
"Soydaş və diaspor təşkilatları haqqında” Qanunun qəbul edilməsinin vacibliyini vurğulayan K.Əsədov qeyd edib ki, bununla azərbaycanlıların yoxa çıxmasının qarşısı alınacaq:
"Təəssüflər olsun ki, xaricdə Azərbaycan məktəblərinin sayı kəskin şəkildə azalır, kadr çatışmazlığı var. Biz xaricdəki soydaşlarımızın ölkəmizdə ödənişsiz təhsilini təmin etməliyik. Onlar azərbaycanlıdır, qəbul imtahanında yüksək bal toplayır, amma yalnız ödənişli əsaslarla təhsil alırlar, bu, yanlışdır. İlk əvvəl yanaşmanı dəyişməli, onlara ikili standart tətbiq etməməliyik".
Şərhlər