“Diaspor” qədim yunan sözü olub, hərfi mənada “səpələnmə” deməkdir. Bu sözün yaranma tarixi yunanların eramızdan xeyli əvvəl başladıqları işğal və köçürülmə dövrünə təsadüf edir. Müxtəlif ölkələrə hərbi yürüşlər zamanı yunan ordusu əsgərlərinin bir hissəsi işğal edilmiş ərazilərdə məskunlaşmış və buranın daimi sakinlərinə çevrilmişdilər. “Diaspor” kəlməsi də məhz onların dilindən yaranmışdır.
Fəaliyyət dairəsindən, məşğuliyyətindən və dini etiqadından asılı olmayaraq hər hansı bir etnosa aid adamların müəyyən zaman kəsiyində öz tarixi vətənlərindən kənarda məskunlaşmaları və ictimai fəaliyyəti bilavasitə diasporun formalaşması ilə nəticələnir.
Azərbaycanda “diaspor” anlayışı haqqında ilkin təsəvvürlər indi yaranmağa başlasa da, qeyd etmək lazımdır ki, həmvətənlərimizin dünyanın müxtəlif ölkələrində məskunlaşması prosesi hələ bir neçə əsr əvvəl başlanmışdı. Digər xalqlarla müqayisədə azərbaycanlıların doğma torpağa daha çox bağlılığı üzündən Vətəni tərk edib qürbətdə yaşamaları onlar üçün mənəvi baxımdan ağır olmuşdur. Təsadüfi deyil ki, Azərbaycan şifahi xalq ədəbiyyatında “Vətən-qürbət” mövzusu mühüm yer tutmuşdur. Bu mənəvi amilin özü də Azərbaycan diasporunun yaranmasının kifayət qədər qədim tarixə malik olduğunu təsdiqləyir.
Bu gün “Azərbaycan diasporu” dedikdə xarici ölkələrdə məskunlaşmış azərbaycanlılar nəzərdə tutulur. “Xaricdə yaşayan azərbaycanlılar” anlayışının təfsiri “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Bu qanuna əsasən, “xaricdə yaşayan azərbaycanlılar” anlayışı Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına və onların övladlarına, əvvəllər Azərbaycan SSR-in və ya Azərbaycan Respublikasının vətəndaşları olmuş və hazırda Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslərə və onların övladlarına, bu kateqoriyaya aid olmayan, lakin etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü Azərbaycana bağlı və ya azərbaycanlı hesab edən şəxslərə aid edilir.
XX əsrin əvvəllərində azərbaycanlıların xaricə axını daha geniş vüsət almağa başlamışdı. Qafqazda çar Rusiyasının antimüsəlman və antitürk siyasəti məqsədli şəkildə regionda azərbaycanlı əhalinin üstün mövqeyinin zəiflədilməsinə yönəlmiş və 1905-1906, 1918-ci illərdə ermənilər tərəfindən həyata keçirilən soyqırım, etnik təmizləmə siyasəti də belə məkirli strateji niyyətlərdən törənmişdir
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra respublikadan xaricə axının miqyası xeyli azalsa da, demokratik respublikanın süqutu tamamilə yeni bir situasiya formalaşdırdı. Xalq Cümhuriyyətinin qurucularının və tərəfdarlarının bolşeviklər tərəfindən ciddi təzyiqlərə və təqiblərə məruz qalması onları ölkəni tərk etmək məcburiyyətində qoyurdu. Təsadüfi deyil ki, bu dövr azərbaycanlıların xaricə axınının ən kütləvi miqyasda təzahür etdiyi mərhələlərdən birini təşkil edirdi.
1949-cu il fevralın 1-də Türkiyənin Ankara şəhərində “Azərbaycan Kültür Dərnəyi”nin təsis edilməsi dünyada Azərbaycan diasporunun təşkilatlanması sahəsində ilk addım oldu. 1956-cı ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik naziri işləmiş Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı ABŞ-da “Amerikanın Azərbaycan cəmiyyəti”ni təsis etmişdir. Hazırda bu cəmiyyətə Saleh bəy Şeyxzamanlının nəvəsi Tomris Azəri rəhbərlik edir. Bu hadisələr Azərbaycan diasporunun tarixində təşkilatlanma mərhələsinin məhz ötən əsrin ortalarından başladığını söyləməyə əsas verir. Həmin dövrə qədər soydaşlarımızı birləşdirən icma və birliklərin yaradılması ilə bağlı hər hansı fakta təsadüf olunmamışdır.
II Dünya müharibəsindən sonrakı dövr Azərbaycan diasporunun tarixində yeni bir mərhələ ilə əlamətdar oldu. Müharibə dövründə və sülhün bərqərar olunmasından sonra xaricdə yaşayan həmvətənlərimizin sayı əhəmiyyətli dərəcədə artmışdı. Bunlar hərbi əməliyyatlar zamanı əsir düşənlər və müharibədən sonra müxtəlif səbəblər üzündən Avropa ölkələrində məskunlaşan azərbaycanlılar olmuşdu. Sovet rejiminin amansız və qəddar cəza mexanizmləri, qanlı represiyaları onların bir çoxunu geri qayıtmaqdan çəkindirmiş, beləliklə xaricdə yaşayan azərbaycanlıların sayca artmasına səbəb olmuşdu.
Qeyd etmək lazımdır ki, təxminən 30 milyon azərbaycanlının tarixən yaşadıqları İran ərazisindən də son onilliklər ərzində mühacirət edənlərin sayı Azərbaycan Respublikasından gedənlərin sayından qat-qat çox olmuşdur.
Ümumiyyətlə, II Dünya müharibəsindən bir neçə il sonra Sovetlər hökumətinin tətbiq etdiyi sərt sərhəd rejimi bütövlükdə SSRİ-dən xaricə axının qarşısını alsa da, dissident hərəkatı əvvəlkilərlə müqayisədə daha kütləvi xarakter almışdı.
Xarici ölkələrlə mədəni əlaqələrin güclənməsi, tərcümə işinin vüsətlənməsi, xaricdə yaşayan həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr cəmiyyətinin (“Vətən” cəmiyyəti) yaradılması həmvətənlərimizin birliyinə və Vətənlə əlaqəsinə xidmət edən belə mühüm addımlardan idi. İlk növbədə isə respublikamızın hərtərəfli inkişafı həmvətənlərimizdə milli qürur hissi oyadaraq onlarda ana yurda maraq və bağlılığı artırırdı.
Azərbaycan xalqının tarixi təkamülü sayəsində XX əsrin sonlarında dövlət müstəqilliyimiz yenidən bərqərar olmuş və dönməz xarakter almışdır. Lakin tarix boyu ictimai-siyasi proseslər elə gətirmişdir ki, azərbaycanlıların bir hissəsi əzəli ərazilərimizi tərk edərək planetin müxtəlif ölkələrində məskunlaşmış, yurd-yuva salmışlar.
Ötən əsrin 80-ci illərinin sonlarında SSRİ məkanında cərəyan edən hadisələr imperiyanın sərhədləri çərçivəsində demokratik düşüncə tərzinin genişlənməsinə və milli azadlıq hərəkatlarının alovlanmasına stimul yaratmış oldu. Azərbaycanda bu proses daha sürətlə getməyə başlamışdı. Təsadüfi deyil ki, 1989-cu ildə azərbaycanlılar “dünyanın ən mübariz xalqı” adına layiq görülmüşdülər. Erməni seperatçılarının ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisində həyata keçirməyə başladığı təxribatlar xalqımızın milli oyanışında, milli özünüdərk hissinin güclənməsində mühüm rol oynadı.
Bu gün xaricdə yaşayan soydaşlarımızın milli diaspor halında formalaşması, respublikamızla əlaqələrinin yaradılmasında ortaya çıxan çətinliklərin və problemlərin daha səmərəli həlli yollarının araşdırılmasına böyük ehtiyac duyulur. Hazırda dünyanın əksər ölkəsində 300-ə yaxın Azərbaycan icma və birlikləri fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir.
* * *
Təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Azərbaycan diasporu mövzusunun aktuallığı azərbaycanlıların yayılma coğrafiyasının araşdırılmasını və soydaşlarımızın sayının dəqiqləşdirilməsini zərurətə çevirmişdir.
Hələlik bu istiqamətdə konkret statistik göstəricilərin olmaması obyektiv reallıqdan irəli gəlir. XX əsrin əvvəllərinə qədər respublikadan xaricə mühacirət edən soydaşlarımızın şəxsiyyət vəsiqələrində «rus təbəəsi» yazılması onların milliyyətinin də «rus» kimi təqdim edilməsi ilə nəticələnmişdir.
O dövrlərdə qonşu Rusiyaya köçən azərbaycanlılar «tatar», Türkiyədə məskunlaşanlar isə «Azərbaycan türkü» kimi tanınır və qeydə alınırdı. Müasir İran ərazisində yaşayan soydaşlarımızın isə «İran təbəəsi» kimi təqdimatı prosesi gedirdi.
Belə arzuolunmaz vəziyyət xarici ölkələrdə yaşayan azərbaycanlıların rus, türk və fars diasporlarının tərkib hissəsi kimi qəbul edilməsinə səbəb olmuş, nəticədə soydaşlarımız başqa xalqların diasporları içərisində assimilyasiya olunmaq təhlükəsi ilə üzləşmişlər.
Lakin problemlərə və çətiniklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub saxlamış, tarixi Vətənlə əlaqələrini itirməmişlər. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da məhz bu amillə bağlıdır. Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşmışlar. Onların sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Amerika qitəsi ölkələrində Honduras, Qvatemala, Peru və digərlərində də soydaşlarımız məskunlaşmışlar. Hazırda onların sayı dəqiqləşdirilir.
Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya etmiş soydaşlarımızdır. 1970-ci ildən etibarən Türkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qisim soydaşlarımızın bu qitəyə axını diasporumuzun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərdi.
Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsaslanan, Avropa azərbaycanlıların sayı Türkiyədə və Rusiyada, milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britaniyada yüzminlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır.
Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan soydaşlarımızın əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə İrandan və Azərbaycan Respublikasından köçənlərdir.
Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşmışlar. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır.
Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüzminlərlə, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilmişdir. Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var.