Diaspora.TV-də yayımlanan “Uğurlu soydaş”verilişinin növbəti buraxılışının qonağı Çilinin Adolfo İbanez Universitetinin "Elm və mühəndislik" fakültəsinin professoru, həmin ali təhsil ocağında bərpaolunan enerji texnologiyaları və idarəetmə üzrə MBA proqramının qurucusu və akademik direktoru Şəhriyar Nəsirov olub.
Şəhriyar Nəsirov müsahibədə şəxsi həyatından, karyerasında yüksəlişindən, Çilidə və eləcə də yaşadığı digər ölkələrdə fəaliyyətindən bəhs edib, xaricə getmək istəyən azərbaycanlılara tövsiyələr verib.
Ş.Nəsirovun sözlərinə görə, əslən Kəlbəcərdən olsa da, 1984-cü ildə Tərtərdə anadan olub, ailəlidir, iki övladı var.
“Azərbaycan İqtisad Universitetində təhsil aldıqdan sonra, Gürcüstanda və Çexiyada qısamüddətli təhsil aldım. 2008-ci ildə İspaniyanın Pais Vasco Universitetində magistratura və doktorantura təhsili üçün təqaüd qazanmışam. Bundan sonra Asiya inkişaf Bankının müsabiqəsinin qaliblərindən biri oldum və 6 ay Flippində, Manilada beynəlxalq təşkilatda analitik kimi çalışdım. İspaniyada doktoranturanı bitirdikdən sonra 3 il Çili hökuməti tərəfindən maliyyələşdirilən Günəş enerjisi tədqiqat mərkəzində postdoktorantura edirəm. Yoldaşımla bərabər bura gələndə düşündük ki, 1 il kifayətdir, sonra qayıdarıq. Lakin Çilini çox sevdik, özümüzü burada daha rahat və xoşbəxt hiss edirik. 2016-cı ildən Çilidə aparıcı tədqiqatçı oldum. Eyni zamanda Çilinin Adolfo İbanez Universitetində mühəndislik və tətbiqi elmlər fakültəsində professoram”.
Tədqiqatçı bildirib ki, öz sahəsi üzrə 30-dan çox jurnalda məqaləsi çıxıb, 25-dən çox enerji iqtisadiyyatı üzrə konfranslarda iştirak edib.
“2018-ci ildə Çilidə “İlin ən yaxşı tədqiqatçısı” seçilmişəm. Əsas işim enerjinin iqtisadiyyatı ilə bağlıdır. Hazırda ən ucuz enerji mənbələrimiz külək və günəşdir. Eləcə də elektrik enerjisini düzgün sərf etmək üçün təcrübələr keçiririk”.
“Xaricə köçmək istəyən soydaşlarımıza əsas tövsiyyəm odur ki, getdikləri yerə inteqrasiya etsinlər. Bu o demək deyil ki, öz milli-mənəvi dəyərlərini unudursan, sadəcə getdinsə, yaxşı yaşamaq üçün, hətta öz vətənini tanıtmaq üçün birinci həmin mühiti tanımalısan. Ən başlıcası da hansı ölkəyə getsəniz də fərq etməz, çətinliyiniz olacaq. Əsas məsələ bu çətinliyin öhdəsindən gələ bilməkdir. Xüsusilə də ailə ilə gedənlərə daha çətin olur, çünki ailənin cəmiyyətə öyrəşməsi zaman alır. Hər şeyə rəğmən ailənizlə xoşbəxt olduğunuz ölkəyə gedin, orada fəaliyyətinizə davam edin. Xoşbəxt olsanız bu zaman həm vətəninizə xeyirli insan olacaqsınız, həm də ailənizə”, - deyə Ş.Nəsirov bildirib.
Şərhlər