Diaspora.TV-də yayımlanan “Uğurlu soydaş” verilişinin növbəti buraxılışının qonağı Rusiyada yaşayan azərbaycanlı professor, tibb elmləri doktoru, oftalmocərrah Sevinc Əsgərova olub.
S.Əsgərova veriliş zamanı öz uğur hekayəsindən və vətəndən kənarda yaşayan azərbaycanlıların fəaliyyətindən bəhs edib:
“Əldə etdiyim uğurların arxasında prinsipallıq və ardıcıllıq dayanır. Bir işə başladınsa onu ardıcıl və qaydasında yerinə yetirməlisən. Çizdiyi yol insanı bu zaman uğura aparır”.
“Hazırda xeyli sayda gənclərimiz var ki, təhsillərini ölkədən kənarda - nüfuzlu xarici universitetlərdə alırlar, bu da normaldır. Hər bir şəxsin uğur hekayəsində xaricidə təhsilin rolu müəyyən qədərdir. Ancaq düşünürəm ki, vətəndən kənarda verilən təhsil vətəndə də verilir. Əsas məsələ odur ki, uğur qazanandan, məqsədinə çatandan sonra dəyişməyəsən, bir amal uğrunda xalqına layiqincə xidmət etməyi bacarasan”, - deyə oftalmocərrah qeyd edib.
S.Əsgərova Moskvada yaşayan soydaşlarımızla münasibətlərə gəlincə, tədbirlərdə və master-klasslarda yaxından iştirak etdiyini bildirib:
“Düşünürəm ki, müəyyən qədər aktiv diaspor fəaliyyətim var. Bu gün diaspor sahəsində sistemli yanaşma yoxdur. Bu problemin aradan qalxması üçün işi bilənə həvalə etmək lazımdır. Hər işi peşəkarına tapşırmaq lazımdır”.
Şərhlər