“Diasporla müsahibə” verilişinin növbəti qonağı Azərbaycan türkü, xoreoqraf Dəniz İme olub.
D.İme müsahibə zamanı Türkiyədə fəaliyyət göstərən dərnəklərdən, diasporların təşkilatçılığından və dünyada Qafqaz rəqslərinə olan marağdan söz açıb.
“Türkiyədə kifayət qədər dərnəklər, təşkilatlar mövcuddur. Hətta azərbaycanlılarla yanaşı, başqa millətlər də az deyil. Onlar öz mədəniyyətlərini, adət-ənənələrini qoruyub saxlayırlar. İstər ermənilər, istərsə də gürcülər onları da başa düşürəm, amma çox istərdim ki, azərbaycanlılar daha fəal olsunlar. Bu qədər icmalar var, ancaq bir dənə rəsmi musiqi məktəbi, rəqs məktəbi fəaliyyət göstərmir. Nə də bunun üçün bir araya toplanmırlar”.
Xoreqrafın sözlərinə görə, Azərbaycan rəqslərini tanıdılması istiqamətində heç bir dəstək almır:
“Harbiye Cemil Topuzlu Açıq Hava Səhnəsində Azərbaycanın milli rəqslərinin ifa olunduğu konsertin təşkilatçısı biz idik. Həmin konsertə əsas dəstəkçi Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), “Raumir A.Ş.” şirkəti və Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) oldu. Bu kimi addımların davamlı atılmasını arzu edirəm. Bir dəfə ilə kifayət etmir, çünki biz səhnədə 5000-dən çox insan üçün konsert verdik. Bilməyənlər bilir, tanımayanlar da tanıyır”.
D.İme qeyd edib ki, azərbaycanlılar və eləcə də türklər mədəniyyətə, rəqsə, adət-ənənələrə önəm verirlər:
“Biz qardaş ölkəyik, doğrudur. Necə ki, xarici ölkələri gəzib Qafqaz rəqslərini tanıdıram, bunun üçün gürcülər və eləcə də qafqazlılar mənə təşəkkür edir, görüşüb dəstək olmağı təklif edirlər. Bu kimi addımı Azərbaycandan da gözləyirəm. Qarşımda duran əsas məqsədim də Azərbaycan Rəqs və Mədəniyyət Mərkəzi açmaq, azərbaycanlıları və eləcə də müxtəlif millətləri bir mədəniyyət altında bir araya gətirib Azərbaycanın və türk xalqlarının mədəniyyətini öyrətməkdir”.
Şərhlər