"Diasporla gündəm” verilişinin növbəti qonağı Milli Məclisin deputatı Kamran Bayramov olub.
K.Bayramovla söhbət zamanı xaricdə yaşayan soydaşlarımız, “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında” Qanun layihəsi, lobbiçilik fəaliyyəti, diaspora üzvlərinə ikili vətəndaşlıq verilməsi ilə bağlı bir sıra vacib məsələlər müzakirə edilib.
Millət vəkili xaricdə yaşayan azərbaycanlıları ən çox maraqlandıran məsələlərdən biri olan “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında” Qanun layihəsi və “Soydaş vəsiqəsi”ndən bəhs edib.
"Qanun layihəsi birbaşa xaricdə yaşayan azərbaycanlılara aiddir. Qanunla bağlı dinləmələr zamanı diaspor üzvlərinin də iştirakı və rəylərinin öyrənilməsi əhəmiyyətlidir. Xaricdə yaşayan vətəndaşların Vətənlə bağlılığının stimullaşdırılması baxımından istər "Soydaş vəsiqəsi", istərsə də digər formada belə tədbirlərin görülməsi müsbət haldır",-deyə K.Bayramov deyib.
Diaspor üzvlərinə ikili vətəndaşlığın verilməsi ilə bağlı məsələyə münasibət bildirən millət vəkili deyib:
"Məlum olduğu kimi, ölkəmizdə ikili vətəndaşlıq tanınmır. Əlbəttə ki, müxtəlif variantlar da ola bilər. Bunun nə qədər stimullaşdırıcı xarakter daşıdığını müəyyən etmək lazımdır. Düşünürəm ki, əgər soydaşlarımız tərəfindən belə bir təklif varsa, dövlətimiz bu yöndə müvafiq təhlillər apara bilər. Bu məsələlər Diasporla İş üzrə Dövlət Komitəsinə aiddir. Bu istiqamətdə hansı bir layihə meydana çıxarsa, ali qanunverici orqanının nümayəndələri kimi biz də münasibət bildirə bilərik".
K.Bayramov lobbiçilik fəaliyyətinin daha uğurlu və perspektivli olması yönündə ənənəvi diasporanın tətbiq edəcəyi proqramlardan danışıb. Qeyd edib ki, lobbi fəaliyyəti Azərbaycan üçün yeni bir istiqamətdir.
"Lakin biz ermənilərin lobbi fəaliyyətinə diqqət yetirsək, bunun kifayət qədər yüksək və fəal olduğunu görərik. Onların təşkilatları artıq bir çox dövlət qurumlarına öz köklərini atıb, parlamentlərdə təmsil olunurlar. Xaricdə yaşayan soydaşlarımızla bağlı hazırlanan qanun layihəsində lobbiçilik fəaliyyətinin geniş əks olunması vacibdir. Çünki lobbi fəaliyyəti xaricdə yaşayan soydaşlarımızın məşğuliyyətinin təmin edilməsi, onların daha da həvəsləndirilməsi baxımından çox önəmli bir institutdur. Ölkəmizin xeyrinə olan məsələlərin müzakirəsində, qanunun qəbul edilməsində lobbi qurumlarının aktiv fəaliyyəti və mövqeyi dövlətimiz üçün də çox faydalı olardı".
Deputat həmçinin parlamentin lobbi təşkilatları və qurumlarının yaradılmasında dövlət dəstəyinin göstərilməsi istiqamətində müxtəlif təkliflərin səsləndiriləcəyini istisna etməyib.
Şərhlər