"Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Bakıda keçirilən III Forumundan ötən müddət ərzində xeyli iş görülüb. Təhsil layihəsi və Diaspora.TV-nin fəaliyyətini daha da aktivləşdirməsi sevindiricidir".
Diaspora.TV xəbər verir ki, bu fikirləri Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun İdman komitəsinin rəhbəri, Azərbaycanın futbol mütəxəssisi, olimpiya çempionu İqor Ponomoryov Fondun Romada keçirilən IV Forumunda çıxışı zamanı deyib.
"Xaricdə yaşayan soydaşlarımızdan ibarət uşaq futbol komandası yarada bilərik. Bu komanda həm birliyimizi möhkəmləndirər, həm də sağlam həyatı təşviq edər. Cənab Prezident də hər zaman idmanın əhəmiyyətini insanlarımıza çatdırıb. Bundan əlavə bizim gənc azərbaycanlılar var ki, onlar Avropa ölkələrinin müxtəlif yerli klublarında oynayırlar. Onları tanıtmaq və təbliğatlarını qurmaq vacibdir. Əlbəttə, təkcə futbolla kifayətlənmək olmaz, məsələn, Niderlandda şahmat turniri də keçirə bilərik", - deyə komitə rəhbəri əlavə edib.
İ.Ponomoryov əlavə edib ki, gələcəkdə ehtiyac və vaxt imkanı yaranarsa onlarla bir görüş də keçirmək olar:
"Məqsədimiz aydın və şəffafdır. Elə etməliyik ki, dünyada yaşayan soydaşlarımız özlərini yalnız hiss etməsinlər. Biz də Fond olaraq Azərbaycan dövlətinə və Prezidentinə xidmət edirik".
Şərhlər