Diaspora.TV-də yayımlanan “Uğurlu soydaş” verilişinin növbəti buraxılışının qonağı Novosibirskdə yaşayan 20 yaşlı azərbaycanlı Toğrul Cəbrayılov olub.
T.Cəbrayılov müsahibədə Azərbaycan milli rəqslərinə olan marağından, rəqs müəllimi kimi fəaliyyətindən və bu ilin əvvəlində açdığı "Turan" Azərbaycan Milli Rəqslər Məktəbinin gələcək planlarından danışıb.
Onun sözlərinə görə, Novosibirskdə yaşayan azərbaycanlıların və eləcə də yerli cəmiyyətin Azərbaycan milli rəqslərinə marağı var:
“Bizim rəqs məktəbinin əsas problemi geyim çatışmazlığıdır. Məktəbin açılmasında ailəm və dostlarım mənə çox dəstək oldular. Hətta yaşadığım şəhərdə, toylarda və tədbirlərdə çıxışlarım olur. Soydaşlarımız mənə baxıb ilhamlanırlar. Çox istərdim ki, məktəbimizi böyüdək, soydaşlarımıza milli rəqslərimizi öyrədək”.
T.Cəbrayılov Rusiya və Azərbaycan rəqsləri arasında fərqli və oxşar cəhətlərdən də bəhs edib:
“Azərbaycan rəqsləri daha zərif və ritmikdir. Hətta xanım rəqqasələrin oyunları daha incədir. Lakin ruslarda belə deyil. Bu səbəbdən də Azərbaycan rəqsləri Rusiyada çox sevilir”.
“Gələcəkdə Rusiya və Azərbaycan rəqslərini sintez edib, təqdim etmək istəyirəm. Hələ ki, tələbələrimizin də sayı azdır, ümid edirəm daha çox olacaq. Rəqslərimizi, Azərbaycanımızın milli dəyərlərini unutdurmayacağam”, - deyə gənc rəqqas qeyd edib.
Şərhlər