Diaspora.TV-də “Uğurlu soydaşın” növbəti qonağı Moskvada yaşayan soydaşımız, gənc musiqiçi Rusalina Hüseynzadə olub.
R.Hüseynzadə Bakıda Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb.
Hazırda Rusiyada yaşayan qonağımız musiqiyə birinci piano öyrənməklə başladığını, 15 yaşından isə skripka ifa etdiyini bildirib:
“Bir il sonra baş dirijor T.Gökçayevin dəvəti ilə Qara Qarayev adına kamera orkestrində skripka qrupunun konsertmeysteri kimi fəaliyyətə başladım”.
R.Hüseynzadə məktəbi bitirdikdən sonra Rusiya Federasiyasının təqaüdü ilə Moskva Dövlət Konservatoriyasında təhsil alıb. 2022-ci ildə Konservatoriyanı qırmızı diplomla bitirib və həmin il aspirantura təhsilinə başlayıb.
R.Hüseynzadə qeyd edib ki, müsabiqələrdə Rusiyanı təmsil etməsi üçün ona vətəndaşlıq da təklif olunub:
“Lakin mən imtina etdim. Bütün müsabiqələrdə və festivallarda Azərbaycanı təmsil edirəm”.
Gənc musiqçi bir sıra ölkələrdə, eləcə də Rusiyada Azərbaycanı müxtəlif konsert proqramlarında, tədbirlərdə təmsil edib.
R.Hüseynzadə qeyd edib ki, bir sıra müsabiqələrin keçirildiyi illərdə Azərbaycandan heç bir skripkaçı yer tutmayıb:
“Azərbaycanı “Grand Prix Emanuel Feuermann”, “Queen Elizabeth Competition”, “Tchaikovsky Competition” kimi nüfuzlu müsabiqələrdə təmsil etməyi düşünürəm”.
Soydaşımız bildirib ki, Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporu ilə heç bir əlaqəsi yoxdur:
“Onlar tədbirlərinə daha çox estrada müğənniləri dəvət edirlər”.
Şərhlər