Azərbaycan müstəqil olduqdan sonra etnik separatizm mövzusu ilə də üzləşdi. İlk olaraq Azərbaycanın ərazi bütövlüyünə ermənilərin iddiası ab-havanı müəyyənləşdirirdi. O zaman tək ermənilərin gücləndirilməsi yox, həm də Azərbaycanın əleyhinə olması mövzusu ikinci olaraq gündəliyə çıxdı. Erməniləri gücləndirməkdən ötrü Azərbaycan dövlətçiliyini öldürmək səviyyəsinə qədər zəiflətmək kursu aparılırdı. Azərbaycanda etnik mövzular ilk növbədə Azərbaycanın şimalında, Rusiya ilə sərhəddə ləzgi, cənubunda isə İranla sərhəddə talış mövzusunu qaldırmaq idi. İlk olaraq bu iki mövzu aktuallaşanda hər ikisində stimulyator rolunu yalnız Rusiya oynadı. İranın Azərbaycan Respublikasının cənubunda talış hərəkatı ilə heç bir əlaqəsi olmadı. Bu prosesləri Azərbaycanda qızışdıran adamların əməllərinə bələd olan şəxs kimi bu tezisi ortalığa qoyuram: talış və ləzgi mövzusu ilk olaraq Rusiya tərəfindən ortaya atıldı.

Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan dövlətçiliyinin ölməsini gözləyənlər də peşman oldular. Məhz bu dövrdə artıq İran talış mövzusuna qoşuldu. Çünki İran Azərbaycanda hakimiyyət dəyişikliyinə, daxili proseslərinə çox ciddi diqqət verən ölkə idi. İran o dövrdə Azərbaycanın daxilində iştirak edirdi. Rəsmi Bakı İranı yardım etmək məqsədilə ölkəmizin daxilinə dəvət etmişdi. İran ölkəmizin daxilində gücləndikcə ermənilərin də işğalına keçirdiyi torpaqların miqdarı artırdı. İran və ya digər dövlətlər tərəfindən Azərbaycana qarşı qoyulan maneçilikləri Ulu Öndər Heydər Əliyev bir-bir sıradan çıxardıqca Rusiya və İran yeni mövzular ortalığa qoyurdular. Aktiv olan mövzuları yeni modelə keçirirdilər. Daxildə isə vəziyyət əhalinin əsasən Qarabağ mövzusuna diqqəti ilə xarakterizə oluna bilər. O dövrdə siyasi elitada belə bir məlumat yayıldı ki, Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi həm ləzgilərə, həm də talışlara Azərbaycanın dövlətçiliyinə qarşı ayağa qalxmağı tövsiyə edib. Ləzgilər RF xüsusi xidmət orqanlarına çox sadə cavab veriblər: ləzgilər azərbaycanlılarla eyni qəbiristanlıqda dəfn oluna bilir, ruslarla isə yox. RF tərəfindən gələn təklifi rədd ediblər. Özünü talış hesab edən bir qrup adam “QRU”nun təklifinin qəbul edib. Xüsusi olaraq qeyd edək ki, ilk qəbul edən adam Əlikram Hümbətov deyildi. Əslində Ə.Hümbətovdan əvvəl bu işlərdə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin nəzarəti altında olan azərbaycanlılarımız da var. Lənkəranda hərbi hissədə polkovnik rütbəli bir neçə şəxs artıq bu ideyanın daşıyıcısına çevrilmişdilər.

Ləzgi ideyası isə daha diqqət çəkən inkişaf yolu keçdi. Çünki o ləzgi təmsilçilərinin bir qrupu hətta Moskvada Kremlə bağlı idilər. Lujkovun komandasında olan adamlar var idi. Bu gün o adamlardan indi də ölkəmizdə çox yüksək vəzifədə oturanlar var. Talışların “hə” deməsi Moskvanı talış mövzusunda işini davam etdirməyə şərait yaratdı. Ə.Hümbətov hərbi sahədən uzaqlaşdırıldı, siyasi fəaliyyəti də müəyyən dar kütlə içərisində oldu.

Talış separatizmi Ə.Hümbətovda yalnız ona silah çatdırıldıqdan sonra baş qaldırdı. Ehtimal ki, silahı məhz ona talış separatizminə xidmət edəcəyi təqdirdə göndərilmişdi. Bakıdan katerlə Ə.Hümbətova iki avtomat göndərildi. Ə.Hümbətov o iki avtomatla Lənkəranda hərbi hissələrə hücum edərək silahlarının sayını və dərəcəsini artırdı. Beləliklə Ə.Hümbətov Moskvada “QRU”ya xidmətə başladı. Ə.Hümbətov iki ideyalı insana çevrildi. Bir tərəfdən Azərbaycan torpaqlarının işğalı altında mübarizə aparır, digər tərəfdən Ulu Öndər Heydər Əliyev hakimiyyətdə qalmamalıdır - ideyasının daşıyıcısına çevrildi. Onların xəstə anlamlarında “Qarabağ” Heydər Əliyevin işidir. Bu adla da ətrafında 5-6 adamı “zəhərləyə” bildi. Bütün bunlar digər proseslə xarakterizə olunurdu. Ə.Hümbətov isə bu prosesi görmək istəmədi. Nəinki ölkə ictimaiyyəti talış separatçılarını qəbul etmirdi, hətta talış adlanan şəxslər, cənub zonasının talışlar yaşayan ərazisindəki talışlar “talış” sözündən müəyyən qədər məsafə saxlayırdı. Cənub zonasına irəliyə doğru getdikcə əhalidən soruşanda talışsan, deyirdi ki, “yox, mən talış deyiləm. Talış dağın dibindəkidir”. “Dağın dibindəki” sözə fikir verin. Dağın başına çıxmaq olar, amma dağın dibi ilə maraqlanan adamlar çox az olur. Bu, müəyyən mənada insanlar üçün daha “geridə qalmışlıq” anlamında idi. Ə.Hümbətovun taleyi artıq formalaşmışdı. RF generalları ilə Xanbulaqda keçirdiyi gizli görüşlər nəticəsini verməli idi. Nə görüldüsə yerlərdə görüldü və o işi görən o zamankı MTN və Daxili İşlər Nazirliyinin arxivində əməliyyatın həm planı, həm də gedişi ilə bağlı xeyli məlumatlar olmalıdır.

Talış separatizmində ən həlledici mərhələ Ə.Hümbətovun həbsxanadan azad olunub, Azərbaycan vətəndaşlığından qovulub, birbaşa Hollandiyaya göndərilməsindən sonra başladı. Oradakı dövr artıq İranla əlaqələrlə xarakterizə olunur və İran artıq həmin dövrdə Ə.Hümbətovun varlığından asılı olmayaraq Ermənistanda ciddi anti-Azərbaycan işə başlamışdı. Əsas Azərbaycanda etnik mövzusunu qızışdırmaq idi. Hətta ləzgi məsələsinə də müdaxilə etdi. Əsasən iki mövzu - talış və kürd üzərində işlədi. Kürd mövzusunda ciddi uğur əldə etmədi. Çünki kürd separatçılığı ilə bağlı bildirdiyi fikirlər İranın öz daxilində də yayıla bilərdi. Kürdlər artıq o dövrdə dövlət qurmaq üçün xeyli hazırlıqlı idi. İran kürd mövzusunu sıradan çıxartdı. İranın Azərbaycan kontekstində kürd mövzusunda mövqeyinin ən bariz nümunəsi Şah İsmayıl Xətainin kürd olması haqqında üç seriyalı film çəkməsidir. İran kürdlərini öz əlinə almaq, həm Azərbaycan kürdlərinə xoş gəlmək üçün, həm də Azərbaycan kürdlərini ana xətdən uzaqlaşdırmaq üçün belə bir yalan mifologiyanı ortalığa qoydu. Şah İsmayıl Xətaini talışa aid etdiyi və sonradan Şah İsmayıl Xətainin bir tərəfinin talış olmasını geniş dövriyyəyə buraxdı. Əsas dayandığı talış ideyası idi. Çünki talışların yaşadığı coğrafi ərazi İran və Azərbaycan tərəfində bitişik ərazi idi. Ə.Hümbətovun Hollandiyada yaşaması İranın bu işinə böyük dəstək verdi. Ermənistanda Yerevan Dövlət Universitetinin İranistika kafedrasının müdiri, İran mənşəli erməni Qarnik Asatryanın rəhbərliyi altında talış mövzusunu aktuallaşdıran struktur yaratdı. Radio və televiziya açmaq fikrinə düşdü. Televiziya açılmadı, radio açıldı. Bir neçə müddət İrəvanda fəaliyyət göstərdi. Sonradan rəsmi Yerevan bu işin mahiyyətini başa düşdü. Eyni metodla İran Ermənistanın da daxilində iş apara bilərdi. Qorxusundan talış radiosunu Şuşaya köçürdü. Uzun illər talış radiosu Şuşada fəaliyyət göstərdi. Bu gün bizim DTX-nın apardığı işlər açıldıqca bəlli olur ki, Q.Asatryanın dövrü ilə bağlı bizim DTX-nın kifayət qədər bazası var. Sonradan Azərbaycandan asılı olmadan İranın Ermənistanda reallaşdırdığı anti-Azərbaycan layihələrin strukturunda və tərkibində xeyli dəyişiklik baş verdi. Q.Asatryana İran tərəfindən çox pul ayrılması və imkanlı görünməsi o vaxt onun Yerevan Dövlət Universitetinin İranistika kafedrasında müavini işləyən Vardan Voskanyanı qıcıqlandırdı. O, İranın qarşısında bu pulun miqdarında daha çox iş görə biləcəyini qaldırdı və təxminən bir il çəkən qalmaqalın nəticəsində Q.Asatryan Yerevan Dövlət Universitetinin İranistika kafedrasından uzaqlaşdırıldı. Onun yerinə elmlər doktoru olmayan, elmlər namizədi olan V.Voskanyan təyin olundu. V.Voskanyan bu qədər işi görə bilmədi. SEPAH-la əlaqəsi quruldu, onun sözünü danışdı. Gündəlik mətbuatda anti-Azərbaycan fikirlər yazdı və yaydı. Azərbaycan da İranın tapşırığı ilə V.Voskanyanın anlamında “barbar”, “vəhşidir”. “Tarixi yoxdur”, “Azərbaycanlı” termini 1918-ci ildə gündəliyə gəlib. “Azərbaycanlı” terminin müəllifi İ.Stalindir və məqsəd İranı zədələməkdir. Bütövlükdə ideyası bundan ibarət oldu və indi də o ideyanın daşıyıcısıdır.

Q.Asatryanla 10-na yaxın talışın əməkdaşlıq etməsi mümkündür. Söhbət iki nəfərdən getmir, 10-na yaxın adam əməkdaşlıq edib. Bizim DTX bunların hamısını aşkarlamaq gücündədir. Neqativ məqam Q.Asatryan haqqında bizim ictimaiyyətə geniş məlumatın verilməməsidir. Əlbəttə, bu məlumatı DTX və digər strukturlarımız da verməlidir.

Prezident Administrasiyası maraqlarımızın müdafiəsi üçün İranla ciddi işləyir. İranın Azərbaycan təbliğatının müəyyən çərçivəyə düşməsi istiqamətində çalışır. Bunun nəticəsidir ki, artıq talış mövzusu İran mətbuatında o qədər də geniş istifadə olunmur və talış mövzusundan son aylarda siyasi kontent götürülüb. 75 dəqiqəlik “Salam həyat” verilişində hər gün 10-15 dəqiqə talış mövzusuna həsr olunurdu və hazırlanan süjetlər siyasi mövzunu da əhatə edirdi. İranın o tayında, yəni bizdə olan talışların adı tez-tez çəkilərdi, ona istinad olunardı. İndi ümumilikdə o verilişin buraxılış müddəti azalıb, həm də talış mövzusu həftədə 3 dəfə verilir. Əksərən də talışın tarixi, əraziləri, təbiət mənzərələri, qadınları, məişəti mövzuları siyasi mövzunu üstələyib. Son günlər talış mövzusunda siyasi verilişə rast gəlməmişəm. Bunlar PA-nın apardığı işdir. PA etnik azlıqlar mövzusunda əvvəldən olan daxili qaydaya müəyyən qədər əl gəzdirməlidir. PA-da etnik mövzunun üstünü örtmək, az danışmaq, xalqın müdrikliyinə söykənmək, xalq belə mövzulara imkan verməyəcək-ideyası hakimdir. Bu formul artıq indi dəyişilməlidir.

Əlbəttə, İqbal Əbilov parlament seçkiləri dövründə Azərbaycana təsadüfən gəlməyib. Çox mümkündür ki, o əvvəlcədən hazırlıqlı adamdır. Talış separatizminin təməlində duran şəxslərin təmsilçisidir. Bəlkə də indi hazırda o struktura rəhbərlik edir, İranla vahid planları var, arxada bu planı reallaşdırır.

İran talış mövzusuna yaxında real praktiki start verdi. Bu ilin Novruz bayramı günlərində Astarada talış mövzusuna həsr olunmuş geniş konfrans keçirildi. İranın Ali dini liderinin nümayəndəsinin orada olması göstərir ki, bu konfrans İran rəhbərliyinin razılığı ilə keçirilir. İran prezidentinin yerli strukturu da burada iştirak edirdi. Əlavə din xadimlərinin də iştirakı xüsusi diqqət çəkirdi. Orada ən vacib yerli əhalinin “talış” sözünə, “dövlətçiliyinə”, “talış oyanışına” çox xoş münasibətini gördüm. İranda yaşayan talış dövlətçilik istəyir, amma öz ərazisində istəyir. Azərbaycan talışı ilə müqayisədə İran ərazisində yaşayan talışlar bəlkə də on dəfə çoxdur və öz dillərində heç bir məktəb, mətbu orqanı yoxdur. Xüsusi olaraq bilən adam kimi qeyd edim ki, İran Astarasındakı talış və gilək olmasından asılı olmayaraq hamısı evində də Azərbaycan dilində danışırlar. Azərbaycanda talış separatizmini qızışdırmaqdansa ilk növbədə İran ərazisində talışlara hansısa bir qurum yaratsınlar və İrandakı talışlar o qurumda çox həvəslə iştirak edəcəklər. Qoy nümunə bu olsun, İran dövlətinin içində əlavə bir dövlət yaransın. İlk olaraq talış dövlətinin bünövrəsi İranın içərisində qurulmalıdır. Bu zaman talışlarımız, oradakı talışlar da yada salsın ki, İranın daxilində yaşayan kürdlər dövlət istədilər deyə indi ona görə onları müxtəlif adlarla qırırlar.

Astara toplantısına Hollandiyadan Ə.Hümbətovla vaxtilə təmasda olan şəxsi də gətirmişdilər, çıxış etdi. Onu Boris Talışınski kimi təqdim etdilər. O, talışdır, amma Rusiyaya bağlı talışdır. Talış dövlətçiliyi ideyasının müəllifi vaxtilə “Səhər-Azəri” kanalının Bakı ofisinin rəhbəri işləmiş Əhməd Kazımi idi. Ə.Kazımi anti-Azərbaycan fəaliyyətinə görə ailəvi aeroportdan geriyə qaytarıldı, Bakıya buraxılmadı.

Ə.Kazımi Q.Asatryanın yeni iş yeri ilə birlikdə Yerevanda təşkil olunmuş konfransda iştirak etdi. Rusiya Ermənistan Universiteti politoloq Edqar Elbekyanla Qorcakov fondunun maliyyəsi ilə bağlı birgə tədbir keçirdilər. İranın səfiri də orada idi. Səfirə tədbirdə yalnız giriş sözünü deməyə imkan verdilər. Səfirin fikirləri konfransdan sonra ayrı təqdim olundu: Bu konfransın tərkib hissəsi deyil. Ə.Kazımiyə isə konfransda çıxış etməyə imkan vermədilər. Onun fikrini tədbirdə iştirak edən erməni politoloqlarından biri səsləndirdi və bu ideyanın əsas məğzi “Azərbaycan İsrailin dostudur və Qarabağda da ikinci yəhudi “dövləti” yaradacaq” ideyası oldu. Bu adamın ağıl, düşüncəsi o qədər dardır ki, belə başa düşür ki, İran yəhudinin düşməni olduğuna görə hamı yəhudi ilə düşməndir. Bilmir ki, ermənilər İsraillə əlaqə qurmaqdan ötrü yalvarırlar. Ermənistan İsraillə münasibətlər üçün İranla bütün münasibətləri kəsməyə hazırdırlar. Bununla da Ə.Kazıminin də erası bitmiş oldu.

Talış mövzusunda işləyən adamlarımıza bəzi faktları xatırladım. Ola bilər şəxsi hadisələrdir. Amma ümumi işin xeyrinə özümlə bağlı olan bəzi hadisələri də qeyd edəcəyəm. “Talış Muğan Respublikası” ideyasının qızğın vaxtında üç nəfərlə birlikdə Ə.Hümbətovu yolundan çəkindirməkdən ötrü gecə uzun müddət onun evində biz vaxt keçirtdik. Ə.Hümbətovu yaxşı tanıyırdıq, hərdəmxəyal olduğunu bilirdik. Bilirdik ki, bu ideyadan yapışıb, amma bu ideyadan da uzaqlaşdırmaq mümkündür. Sadəcə beyninin, xəstə düşüncəsinin bu istiqaməti onu idarə edir. Mənimlə olanlardan ikisi daha tanınmış adam idi. Bizi xeyli gözlətdirdi, bununla da alçaltdı. Bizim o vaxt böyüyümüz, ağsaqqalımız olan şəxs hətta hirslə durub getməyi təklif etdi. Sakitləşdirdim və gözlədik. Saat 12-dən keçmiş Ə.Hümbətov qonşu otaqdan çıxdı və biz sözümüzü dedik. Ənənəvi nağılını oxudu ki, burada talış mövzusu yoxdur, demokratik Azərbaycan dövlətinin qurulması var. Azərbaycanda haqq, ədalət bərpa olunmalıdır, Ulu Öndər Heydər Əliyev onlara imkan verməyəcək. Təbii ki, bunların da cavabını aldı. Heç vaxt o bizim qabağımızda həddini aşa bilməzdi. O evdə olarkən gördüyüm bir faktı bildirim. Ə.Hümbətov Müdafiə nazirinin müavini olarkən nümayəndə heyətinin tərkibində Türkiyədə səfərdə olmuşdu. Türkiyə Müdafiə Nazirliyi Azərbaycandan gələn bütün nümayəndə heyətinə hədiyyələr vermişdi. Hədiyyələr də “Panasonic” televizorları idi (32 diaqonal). Ailəsi o televizorun başına hərlənirdilər. Həyat yoldaşı Qarabağ kökənlidir. Onun ayrı tarixçəsi var. Bizim bu gün ortalıqda olan talış separatçılarının diqqətinə çatdırmaq istəyirəm: Əslində Hümbətovun yoldaşının, oğlanlarının o televizorun ətrafına fırlanmasının onun “Panasonic” markası olması deyildi. O dövrdə belə şeylər Azərbaycanda dəbdə idi. Onlar üçün ən çox qürur mənbəyi o televizorun Türkiyə Müdafiə Nazirliyi, türklər tərəfindən hədiyyə verilməsi idi.

Lənkərandan qayıtdıqdan sonra Gəncədə (təbii ki, hamı bilir kimdən söhbət gedir) görüş keçirtdim, sonra Bakıya qayıtdım, bu mövzudan ötrü OMON-nun rəhbəri Rövşən Cavadovla da görüşdüm. Heyf ki “Talış Muğan Respublikası” termini bir müddət işlək oldu, qarşısını ala bilmədik.

Şəxsi planda başqa bir misal da deyim. Talış separatçıları hərdən şəhərin mərkəzində - “Torqovı” deyilən yerdə, Səməd Vurğun adına Rus Dram Teatrının ətrafında da gəzsinlər. Bir ətrafa baxsınlar, sonra görsünlər ki, Azərbaycanda talış separatizmi varmı?
İrana Azərbaycanın daxilini qarışdırmaq lazımdır. İrana “maşa” olmasınlar. Azərbaycanda heç bir etnik, irqi, dini ayrı-seçkilik yoxdur. Əgər Qarabağda vuruşan cənublu qardaşımızın bu gün problemi varsa, ağdamlı qaziyə baxsın. Görsün Ağdamdan olan bütün qazilərin problemləri aradan qalxıbmı, yox. Amma hakimiyyət, dövlət o problemlərin aradan qaldırılması istiqamətində hərəkət edir. “Ağdamlı Qarabağ qazisi kef içində yaşayır, cənub zonasından olan Qarabağ qazisi acından ölür” faktının birini göstərin?