Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı”nın növbəti buraxılışı yayımlanıb.
M.Əhmədoğlunun səsləndirdiyi fikirlərin mətnini ixtisarla təqdim edirik:
- 7 oktyabr Qəzza müharibəsinin səbəbi indiyə qədər bəlli deyil. İranın ali dini lideri əvvəlcə Fələstin məsələsinə apelyasiya etdi. Sonra isə səbəb kimi Səudiyyə Ərəbistanı ilə İsrailin normallaşamasına maneəni göstərdi. Ərəb dövlətlərinin dəstəkləməməsi bəlkə də bu faktordan asılıdır.
Ümmətçilik
İranın ali dini lideri S.Ə.Xamenei: “Dünyada 2 milyarda yaxın insan müsəlmandır. Lakin bu toplumu hümmət adlandırmaq olmaz. Çünki hümmət dedikdə bir səmtə və bir hədəfə istiqamətlənən və birgəlik nümayiş etdirən ictimai toplum başa düşülür. Ancaq bu gün müsəlmanlar dağınıq haldadır. Müsəlmanların dağınıq halda olmasının əsas səbəbini İslam düşmənlərinin onlara hakim kəsilməsi və bəzi İslam ölkələrinin Amerikanın himayəsinə sığınmasıdır. Əgər müsəlmanlar parçalanmış və dağınıq halda olmasaydı, onlar bir-birinə arxalanaraq imkanlarından istifadə edər, toplu şəkildə ən böyük güclərdən daha çox qüdrətə malik olar və Amerikaya sığınmağa ehtiyacı yaranmazdı”.
M.Pezeşkian İraqa səfəri ərəfəsində artıq İslam qonşuları ilə münasibətlər sistemini yenilənməyi qarşısına qoyub. Çox təəssüf ki, onun komandasının atdığı ilk addımlar İslam həmrəyliyi, vəhdət ideyasına o qədər də uyğun gəlmir. Çünki təyin etdiyi xarici işlər nazirinin ilk danışdığı altı nazir xristian idi. Bu dövrdə hansısa İslam ölkəsinin İran nazirini təbrik üçün zəng etməməsi qeyri-mümkündür. M.Pezeşkianın prezident seçilməsi ərəfəsində İslam dünyasından böyük avans alan İran, sonradan o avansı heçə endirdi. M.Pezeşkian İslam vəhdəti, hakimiyyəti və birliyindən danışanda özündən əvvəlki prezidentlərin dövründə İranın qonşu dövlətlərə qarşı apardığı siyasəti bir daha öyrənsin.
İsrailin peycer hücumu İranda peycerfobiya yaradıb. İsrail İrana tək bəlli metodlarla deyil, elektromaqnit dalğası ilə də hücum edə bilər. Bu 7 oktyabrdan sonra dünya ekspertlərinin dilindən bir neçə dəfə səslənmiş fikiridir. Peycer və yaxud digər elektron dalğa ilə işləyən qurğunu partlatmaq İsrail mütəxəssislərinin əlində o qədər də qəliz deyil. İndi dünyanın İsrailin dostu və qeyri-düşməni olan dövlətlərə bölgüsü başlayıb.
Ali dini liderin dediklərindən belə başa düşüldü ki, İranın siyasətinin qonşu dövlətlərdə yaratdığı effektdən xəbəri yoxdur. Əgər İranın raket üzrə rəisinin könlünə düşən istənilən anda İraq Kürdüstanının ərazisinə minə yaxın raket yağdırırsa, hansı ümmətçilikdən danışmaq olar?!
İran İraqa da hücum etdi
İran belə başa düşdü ki, Əfqanıstanda vəziyyəti güc yolu ilə həll edə biləcək, buna nail olmadı və geri çəkilməli oldu.
İran Pakistana hücum etdi, atəş zərbələri endirdi. Pakistan İranın daxilində cavabını verdi.
Dünya leksikonunda “hədəf” sözü bəlkə də ən çox SEPAH-ın dilindən Azərbaycana qarşı işlənilib.
1997-ci ilə qədər Azərbaycanda İsrail olmayıb. Ulu Öndərin Aviqdor Liverman və B.Netanyahu ilə görüşünü istinad nöqtəsi götürərək İran mətbuatı belə məlumat yaydı. Əslində hərbi əlaqələr daha da gec başladı. Simvolik, mədəni, humanitar, insani əlaqələr həmişə Azərbaycanla İsrail arasında olub. Çünki İsraildə aparıcı adamların bəziləri, məsələn A.Liberman Bakı yəhudisi idi. Onlar müstəqillik dövründə Azərbaycana həmişə müraciət ediblər ki, nə probleminiz varsa, deyin bizə. Sizə istənilən anda təmənnasız kömək etməyə hazırıq. Azərbaycan qəbul etməyib. Azərbaycan İranı dəvət edib. Bizim məğlubiyyət müqaviləsi hesab olunan atəşkəs müqaviləsini 1994-cü ilin mayında imzalanana qədər ərazimizdə Rusiya, Amerika, Türkiyə və s. heç bir dövlətin hərbisi olmayıb. Öz qoşunlarımız da pərakəndə vəziyyətdə olub.
Ölkəmizdə kənar qoşun yalnız İrana məxsus olub. İçərimizdə İranın həm SEPAH-ı, həm də Müdafiə Nazirliyinin əməkdaşları olub. Onlar ya dinlə məşğul idi, ya da siyasətlə. Ulu Öndər Heydər Əliyev o qoşunların komandanını özünə müşavir təyin etmişdi. Amma daha çox başqalarının yanında olurdular. Azərbaycanda ya dini inqilab etməyə, ya da hakimiyyəti devirmək istiqamətində daha çox fəaliyyət göstərirdilər.
İranın sərhədinə söykənən ərazidə şiə müsəlmanın torpaqlarının 20 %-i işğal olundu və 30 il də işğal altında qaldı. İran özünü nəhəng dövlət hesab edir.
Nəhəng dövlətin yanında, birbaşa sərhədində kiçik münaqişə qala bilməzdi.
Rusiya, ABŞ-ın maraqları var idi. İndi də o maraqlar üzərində əleyhimizə təbliğat aparır, xristian dünyası erməniləri müdafiə edir. Bəs sən kimi müdafiə etmisən? İran Rusiyadan, ABŞ və Fransadan daha çox Ermənistanı müdafiə edən dövlətdir. Müstəqilliyin 20-ci ilində ABŞ və İran hər ikisi Ermənistana eyni miqdarda - 2 milyard dollar yardım etdiyi açıqlandı.
Azərbaycan İranın vasitəçilik təkliflərinin heç birini inkar etməyib. Ermənistan İranın Azərbaycan torpaqları işğal altında olan dövrdə İranın irəli sürdüyü vasitəçilik təkliflərinin heç birini dəstəkləməyib. Ermənistan İranın vasitəçilik təklifindən imtina etdikcə İran Ermənistanı pulla şirnikləşdirib.
İran bilir ki, Qarabağ erməniləri İranla birlikdə olarkən Azərbaycanın o tayından bu tayına çar Rusiyası tərəfindən gətirilib.
Bu gün Vatikan bilir ki, alban xristiandır, amma erməni alban deyil. Alban erməni olmayıb. İranın gözünün qabağında, hətta bəzi İran ekspertləri Qarabağ ermənilərinin Azərbaycanda çox min illik tarixindən danışırlar.
Müsəlman dövləti olan İran Ermənistanı özü üçün nəfəslik hesab edir. 14 qonşusu müsəlmandır, onların arasında İran boğulur, üfunətlə əhatə olunub, yalnız ermənilərdən ətir iyi, təmiz hava gəlir.
S.Ə.Xameneyi Amerikaya sığınmaqdan danışır. BƏƏ və Bəhreyn İranın qorxusundan ABŞ-a sığınıblar. ABŞ-dan yardım istədi, ABŞ da şərt qoydu ki, İsraili tanıyın, diplomatik münasibətləri qurun və biz də bunu edək. İndi də ərəb dövlətlərinin heç biri İsraillə siyasi və iqtisadi əməkdaşlığı dayandırmayıb. Ərəb dövlətlərinin ərazisindən İsrailə neft, qaz, benzin və s. hər şey gedir. İsrailin hansısa iqtisadi sıxıntısı yoxdur. Bu da sizin silahlanmanın yaratdığı vəziyyətdir.
BƏƏ və Bəhreyn bilsə ki, sizin silahınız yoxdur, hədə gəlmirsiniz, bu artıq vəziyyəti dəyişə bilər.
Azərbaycan müstəqil siyasət aparmaq gücündədir. İran bütün gücünü Azərbaycan dövlətçiliyinin sarsılmasına yönəldib. Heç biri alınmadı, alınmayacaq.
Amerikadan da baxdıqda Azərbaycanın siyasəti müstəqildir. Yaxında çox vacib əlamət göründü: Ermənistana dövlət müstəqilliyi günü ilə əlaqədar ABŞ rəsmiləri, E.Blinken təbrik göndərdilər. Səhəri E.Blinken Azərbaycana neft müqaviləsinin 30 illiyi ilə bağlı təbrik göndərdi. Əslində Azərbaycan neft müqaviləsinin imzalanmasının 30 illiyini bayram etmirdi. Bu ABŞ-ın Azərbaycana olan münasibətidir. Ondan bir az öncə Prezident İlham Əliyev ABŞ-ın anti-Rusiya sanksiyalarına Azərbaycanın riayət etmədiyini bəyan etmişdi.
Azərbaycan ABŞ-ın İrana qarşı sanksiyalarına da əməl etmir. “Əsrin müqaviləsi”ndə İran öz adını axtarsın, adını görəcək.
Qarabağ ermənilərinin tarixini İran niyə açıqlamır?! Ermənistana ermənilər necə gəlib?! Rus imperiyası yarısını İrandan, yarısını da Osmanlı imperiyasından gətirib. ABŞ, Fransa, Aİ bu məsələdə mənbə ola bilməz. İran ən mötəbər mənbədir. Niyə səsini çıxarmır?!
İranın Qarabağ mövzusunda həmişə pozitiv imkanı olub, amma bunu etməyib.
- Prezident Rəfsəncani Zəngilan işğal olunan günü Azərbaycanda səfərdə idi. Onun məşhur sözü var: Bəs biz ermənilərə demişik ki, irəli getməsinlər. Az qala İranın Ermənistanla birgə hərəkət etdiyini göstərir.
- Mehri SES-in tikintisində İran SES-in təhlükəsizliyini təmin etmək öhdəliyini götürdü. Mehri SES-in bir hissəsi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə düşürdü.
Münaqişə bitdikdən sonra ali dini liderin üç tezislə bağlı verdiyi bəyanata baxın. Qarabağ ermənilərinin təhlükəsizliyi təmin olunmalıdır. Qarabağ erməniləri İranda da yaşayır. Onların başına nə oyun açmısınız bəllidir. 500-600 min ermənidən cəmi 150 mini qalıb.
- Laçın koridoru mövzusunda bir dənə müsbət bəyanatınız oldumu?
- Qarabağa girmək üçün Ağdam-Əskəran yolu və yaxud Laçın yolu ilə bağlı böyük mübahisə başladı. Rusya Ağdam-Əskəran yolundan yük göndərdi, siz göndərmədiniz.
- Azərbaycan torpaqları işğaldan azad olunandan, amma hələ Qarabağ üzərində suverenliyimiz bərpa olunmamış İran Qarabağa göndərdiyi yük maşınlarında silah, ərzaq daşınırdı. Bunu ölkə Prezidenti Şuşada qurulan müşahidə kamerasının görüntülərinə əsasən bəyan etdi.
- 2011-ci ildə İranın Ermənistandakı səfiri Seyid Əli Saqiyan Qarabağ mövzusunun üç prinsiplə, millətlərin öz müqəddəratını təyinetmə prinsipi əsasında müəyyən olunmasını bildirdi. Millətlərin öz müqəddəratını təyinetmə hüququnun ərazi bütövlüyü və güc tətbiq etməmək prinsipindən İran üçün daha prioritet olduğunu bildirdi. Səfir qeyd etdi ki, bu ali dini liderin mövqeyidir. Heç kəs onu təkzib etmədi və sonradan verilən bəyanatlarda, davranışda, sonrakı fəaliyyətində də özünü göstərdi. S.Ə.Saqiyan yaxında İranın efirindən Qarabağın Azərbaycana qayıtmasını davamlı, dayanıqlı olmadığını elan etdi.
İranın daxilində apardığı siyasət də düzgün deyil. İstənilən anda istənilən silahı istehsal edə bilirsiniz, amma elektrik enerjisi istehsal edə bilmirsiniz. Əhaliyə lazım olan taxıl istehsalı hələ bu günə qədər qurulmayıb. Rusiya, Qazaxıstandan alınan taxıla möhtacsınız.
Hansı İslam dövlətinin ərazisinə nə qədər güllə, raket atıldığının hesabatını aparın. Bəlkə də İslam Əməkdaşlıq Təşkilatından xahiş edəsiniz, onlar aparsın. Raketlərin haradan atıldığını öyrənin. Siz görəcəksiniz ki, kim İslam həmrəyliyini, ümmətçilik prinsipini pozub.
İranda iqtisadi inkişaf konsepsiyasına münasibət əyri yanaşmadır. Dünyanı hədələyən dövlətlərdən biri SSRİ idi. SSRİ fövqəl güc idi, amma hərbi cəhətdən də fövqəl güc idi. Raket texnologiyasında və aviasiya sahəsində SSRİ dövründə yaradılan texnologiyalar hələ bu gün də ABŞ-da yoxdur. ABŞ o texnologiyaları Rusiyadan alır. Amma SSRİ yoxdur, çünki hərbi inkişafı ilə iqtisadi inkişafı arasında böyük fərq var idi. ABŞ-da isə iqtisadi inkişaf və hərbi inkişaf paralel getdi. Ona görə ABŞ bu gün də yaşayır.
Çində hərbi inkişafdan əvvəl daha öndə iqtisadi inkişafdır. Yaponiya, Almaniyaya baxın, hər ikisinin dünya prosesinə təsiri İranın uzun mənzilli raketindən min dəfə uzaq əraziyə yayıb. Amma nə Yaponiyanın, nə də Almaniyanın ordusu yoxdur. Çünki İkinci Dünya Müharibəsindən sonra onlara ordu saxlamaq qadağan olunub. İndi icazə verilib, o da çox cüzi bir qisim. Təbii ki, ərazilərində hərbi texnika var, bu da ABŞ-ın hərbi texnikasıdır. İqtisadi cəhətdən G7-nin üzvüdür və bütün dünyada aparıcı aktorlardandır. İran da iqtisadi inkişaf yolunu seçə bilərdi. İran dünyada çox az saylı dörd iqlimli dövlətlərdəndir.
İran buna getmədi.
Şərhlər