Diaspora.TV-də yayımlanan “Uğurlu soydaş” verilişinin növbəti buraxılışının qonaqları Fransada yaşayan musiqiçilər, fleytaçı Ağarahim Quliyev və pianoçu Eldəniz Ələkbərzadə olub.
A.Quliyev və E.Ələkbərzadə öz uğur hekayələrindən, Parisdə Azərbaycan musiqisini tanıtmaq üçün gördüyü işlərdən və eləcə də soydaşlarımızın diaspor fəaliyyətlərindən bəhs ediblər.
Uşaq yaşlarından musiqiyə həvəsi olan gənclər musiqi təhsillərini uğurla başa vurduqlarını və musiqi təhsilində hər hansı böyük problemlərlə qarşılaşmadıqlarını bildiriblər:
“Bakıda olan vaxtlar “student aləti” deyilən musiqi alətləri ilə məşq edirdik. Alət baxımından problemlərimiz olub, lakin hazırda heç bir çətinliyimiz yoxdur. Azərbaycanın klassik əsərlərini və şedevr sənətçilərimizin əsərlərini bilirik. Musiqi təhsilimizi yüksək nəticələrlə başa vurmuşuq”.
A.Quliyev və E.Ələkbərzadə yaratdıqları "Duo Avey" adlı musiqi qrupunun uğurundan da bəhs ediblər:
“Bizə həmişə sual verirlər ki, niyə məhz “Avey”. Biz çox düşündük və belə bir qərara gəldik ki, adını “Avey” qoyaq. Çünki Avey Qazaxda yerləşən dağ adıdır. Hətta qrupumuzun təsvirində də həmin dağın görüntüsü əks olunub. Belə bir ad seçməkdə məqsədimiz həm soydaşlarımızın, həm də xaricilərin diqqətini cəlb etmək idi. Həmin duetin ərsəyə gəlməsi kimi bir planımız da yox idi. Uğurlu alındı və buna görə də bizim meneceri əvəz edən soydaşımız Aytən Muradovaya dərin təşəkkürümüzü bildiririk”.
Fransada yaşayan soydaşlarımızla münasibətə və diaspor fəaliyyətinə gəlincə, musiqiçilər bildirib ki, Parisdə çox az sayda həmyerlilərimiz var:
“Azərbaycanlı dostlarımız barmaqla sayılacaq qədər azdır. Diasporların təşkil etdiyi tədbirlərdə çıxışlarımız olub. “Paris sevgi şəhəridir” - deyirlər, ancaq siz 6 il burada yaşasanız belə düşünməzsiniz. Çünki heç də hər şey göründüyü kimi deyil. Turist kimi gəlməklə, burada davamlı yaşamaq arasında fərqlər çoxdur. Parisdə yaşamaq və eləcə də Azərbaycanı təbliğ etmək asan başa gəlmir. Ancaq buna baxmayaraq, Azərbaycanı tanıtmaq çox qürurvericidir. Azərbaycan mahnılarını, vətənimizin musiqilərini dünyaya çatdırmağı, tanıtmağı qarşımıza məqsəd qoymuşuq”.
Şərhlər