Diaspora.TV-də yayımlanan "Yurda Dönüş" verilişinin növbəti qonağı Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, fəlsəfə doktoru Mirfaiq Mirheydərli olub.

M.Mirheydərli Diaspora.TV izləyiciləri ilə doğulub boya-başa çatdığı Qərbi Azərbaycanın Zəngibasar rayonu barədə xatirələrini bölüşüb.

Eyni zamanda onunla söhbət zamanı tarixdə zaman-zaman Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən törədilən soyqırımlar, deportasiyalar, Qərbi azərbaycanlıların köçürülməsi, qayıdış prosesində xaricdəki soydaşlarımızdan və diaspordan gözləntilər müzakirə edilib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi qələbədən sonra Qərbi Azərbaycana qayıdış soydaşlarımız üçün xəyaldan real müstəviyə keçib. Qayıdış Konsepsiyası ölkəmizin bütövlüyünə, suveren hüquqlarımızın və tarixi ədalətin bərqərar olunmasına xidmət edən milli ideyamızın ayrılmaz hissələrindəndir. Bu reallıq xalqımız qarşısında duran əsas çağırışlardan və ən aktual məsələlərdən biri kimi önəmini qoruyub saxlayır.

"Yurda Dönüş" verilişi tarixi torpaqlarımıza qayıdış konsepsiyası, mövcud reallığın beynəlxalq müstəvidə təbliği və bu istiqamətdə diaspor təşkilatlarının rolu kimi məsələlərin müzakirəsinə yönəlib.