Diaspora.TV-də “Uğurlu soydaş”ın növbəti qonağı Fransa vətəndaşı, Azərbaycan Dostları Cəmiyyətinin sədri, 9 il Nigeriyada, 2 ildir Anqolada yorulmadan Azərbaycan mədəniyyətini tanıdan fəal soydaşımız Billurə Bayramova Bernard idi.
B.Bernard müsahibə zamanı öz uğur hekayəsindən, yaşadığı ölkələrdə azərbaycançılıq ideyalarını təbliğindən, ona bu məşəqqətli yolda dəstək olan həmvətənlərimizdən, xarici dostlarından bəhs edib.
Qonağımız xaricdə yaşayan soydaşlarımızın diaspor fəaliyyətindən də bəhs edib. O, azərbaycanlı fəalların layihələr təşkil edərkən, maddi dəstək almadan da ölkəmiz naminə çalışmalı olduqlarını vurğulayıb. Qeyd edib ki, diaspor könül işi olduğu üçün soydaşlarımız bu işi ürəklə həyata keçirməlidirlər.
Soydaşımız Azərbaycan musiqisini tanıtmaq üçün Afrikada konsert proqramları təşkil etməsindən, milli musiqi alətimiz olan tarı tanıtmaq üçün keçirdiyi tədbirlərdən bəhs edib.
B.Bernard Afrika bazarının Azərbaycan məhsullarına ehtiyacı olduğunu da vurğulayıb. O, keçirilən böyük tədbirlərdə, sərgilərdə vətənimizi tanıtmaq üçün Azərbaycan şirkətlərinin müxtəlif məhsullar - şərablar, çaylar, şirniyyatlarla ona dəstək olmamaları, məhsullar verməmələrindən üzülərək söhbət açıb.
Qonağımız Afrikada inşası yarımçıq qalan məktəbin tikintisinə dəstək göstərib, şirkətlər təsis edib, evini restorana çevirib, burada Azərbaycan milli yeməklərini tanıtdırıb, əcnəbi jurnalistləri ölkəmizə gətirib.
B.Bernard ona Azərbaycanı tanıtmaq yolunda dəstək verən xarici ölkə vətəndaşı olan həyat yoldaşına və valideynlərinə təşəkkür edib.
Şərhlər