“Diasporla müsahibə”nin növbəti qonağı “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə olub.
K.Hacızadə müsahibə zamanı Küveytdəki diaspor fəaliyyətindən, “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin həyata keçirdiyi layihələrdən və soydaşlarımız gördüyü işlərdən bəhs edib.
Diaspor fəalının sözlərinə görə, Küveytdə yaşayan soydaşlarımız Küveytdəki Azərbaycan səfirliyi ilə mütəmadi əlaqə saxlayır:
“Mən həmvətənlilərimi bir araya toplayıb, evimdə kiçik tədbirlər keçirirdim. Sonra səfirliyimiz mənə müraciət etdi ki, soydaşlarımızı bir araya toplamaq lazımdır. Düşündülər ki, bunu da ancaq mən bacara bilərəm. Beləliklə, cəmiyyətimiz fəaliyyətə başladı. Səfirliyimizin dəstəyi və azərbaycanlıların köməyi ilə tədbirlər keçirdik. Diasporla İş üzrə Dövlət Komitəsi də lazım olan zaman bizə dəstəyini əsirgəmir”.
Azərbaycanın özəl günlərində soydaşlarımızı bir araya topladığını deyən K.Hacızadə uğurlu layihələrindən bir neçəsini nümunə gətirib. Qonağımız əlavə edib ki, təkcə özü deyil, ailəsi də diaspor fəalıdırlar:
“Həyat yoldaşım Küveyt vətəndaşıdır, ancaq buna baxmayaraq Azərbaycan dilini öz doğma dili kimi bilir. Hətta 5 övladım da Azərbaycana gəlirlər və dilimizi mükəmməl bilirlər. Hətta qızım Azərbaycanda universitet oxumaq istədi və razı olduq. Həyat yoldaşım da ərəb dilindən Azərbaycan dilinə, Azərbaycan dilindən isə ərəb dilinə tərcümələr edir. Mən də ərəb dilini yaxşı bildiyim üçün televiziya verilişlərinə qonaq qismində dəvət edirlər”.
K.Hacızadənin sözlərinə görə, Azərbaycan diasporunun güclü olmasını istəyiriksə, birgə fəaliyyətə açıq olmalıyıq:
“Küveytdə Azərbaycanın əlamətdar günlərində yürüşlər keçiririk. Soydaşlarımızın bir arada olması çox gözəldir, birlik olsa, güclü fəaliyyət də olar. Öz növbəmizdə Azərbaycanın Milli mətbəxini, rəqslərini, ümumiyyətlə, milli-mənəvi dəyərlərini təbliğ edirik”.
“Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin üzvlərinə də təşəkkür edirəm ki, əllərindən gələni əsirgəmirlər. Cəmiyyətimizin fəal üzvləri bir-biriləri ilə çox yaxşı münasibətdədirlər. Vətənimizin tanıdılmnası istiqamətində fəal olmağa da davam edəcəyik”, - deyə Cəmiyyət sədri bildirib. `
Şərhlər