“Diasporla müsahibə” verilişinin növbəti qonağı 46 ildir Almaniyada yaşayan və orada ilk azərbaycanlı kimi deputat seçilən, tibb elmləri üzrə fəlsəfə doktoru, professor Rəhim Şmidt olub.

R.Şimdt müsahibədə diaspor sahəsində inkişaf üçün görülməli olan işlərdən, lobbi fəaliyyətindən və soydaşlarımızın birliyindən bəhs edib.

Onun sözlərinə görə, diasporların əsas prioriteti koordinasiyalı fəaliyyət olmalıdır:

“Analiz etmək, təhlil etmək sonra isə qərar qəbul edib planlı formada işləmək lazımdır. Hətta Almaniyadan misal göstərə bilərəm. Orada yaxşı olardı ki, ayrıca bir təşkilat olsun. Həmin təşkilat alman mediasında, xalq arasında vətənimiz və millətimiz əleyhinə səsləndirilən fikirlərə qarşı mübarizə aparsın. Diaspor könül işidir. Lakin lobbi fəaliyyətinə keçmək istəyiriksə, könüllü diasporlarla yanaşı, hər hansı bir təşkilatın bu işi sistemli formada görməsi lazımdır”.

R.Şmidt Diasporla İş üzrə Dövlət Komitəsinə plan təqdim etdiyini də bildirib:

“2021-ci ildə belə bir təşəbbüs göstərdim, lakin cavab almadım. Ümid edirəm ki, gələcəkdə təklifim dəyərləndiriləcək. Planlı formada fəaliyyət göstərsək, zamanla lobbiçiliyimiz inkişaf edəcək”.