“Diasporla müsahibə” verilişinin növbəti qonağı Fransada fəaliyyət göstərən ALİM Elmi Assosiasiyasının rəhbəri, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun İdarə Heyətinin üzvü, iqtisad üzrə fəlsəfə doktoru, ADA və Versal Universitetlərinin müəllimi Günel Səfərova olub.

G.Səfərova müsahibəsində 9-11 sentyabr 2024-cü il tarixlərində Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumundan, Fransa və Azərbaycanın siyasi münasibətlərindən, fransızların azərbaycanlılara qarşı münasibətlərindən söz açıb.

Onun sözlərinə görə, Fransada yaşayan azərbaycanlıların yerli mediaya çıxış imkanları məhduddur:

“Bunu dəfələrlə qeyd etmişəm. Hətta 44 günlük Vətən savaşında bunun şahidi olduq. Danışıqlarımız, fikirlərimiz kəsilir, təhrif olunub yayımlanırdı. Bunun üçün çox çalışdıq, mübarizə apardıq. Budurmu Qərbin bizə təlqin etdiyi jurnalistika, mətbuat azadlığı? Fransa höküməti bizə çox mane oldu. Fransızlara gəlincə, tam əksinə, bizimlə münasibətləri normaldır. Azərbaycanlılarla danışırlar, həqiqətləri bizim dilimizdən eşidirlər”.

G.Səfərova qeyd edib ki, Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu soydaşlarımızın vətənə gəlməsi çox yaxşı addımdır:

“Hətta gənclərin də cəlb olunmasını yüksək qiymətləndirirəm. Gənclərimizdə bir işıq gördüm. Alimlərlə tanış olub, maraqlı söhbətlər edib, bilgilənmələri üçün əlverişli toplantı idi. Əsas məsələ odur ki, bu davamlı olsun. Alternativ üsullara da əl atmaq lazımdır. Bu zaman görülən işdən keyfiyyət əldə etmək olar. Bu və ya digər tədbirlər çox olarsa, əsas məsələ həmin alimlər gördükləri işləri ortaya qoyarsa, növbəti dəfə üçün planları barədə bir-birlərini bilgiləndirərlərsə bu zaman nəticə əldə etmək olar. Yığışıb heç bir iş görməyib dağılmaq iş deyil. Ümid edirəm necə ki, Qarabağa gənclərin ekskursiyaları təşkil olunur, alimlərimiz vətənə dəvət olunur, fikirləri öyrənilir. Bu addımlar gələcəkdə Azərbaycanın dünyaya tanıdılması üçün effektiv olacaq. Hətta xaricdə doğulub, böyüyənlər vətənini tanıyacaq və yaşadığı ölkədə Azərbaycanı təmsil edəcəklər”, - deyə G.Səfərova bildirib.

O, sonda qeyd edib ki, xaricdə iş görmək yox, keyfiyyətli iş görmək lazımdır.