Diaspora.TV-də politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub vaxtı”nda İranın Azərbaycana total hücumlarının nəinki səngidiyi, hətta getdikcə artdığı vurğulanıb.
Qeyd olunub ki, Azərbaycana qarşı mübarizə aparmaq, təhqir etmək İran İslam Respublikasında İslam ehkamlarından daha üstün tutulur. Əgər kimsə Azərbaycan Respublikasını söyürsə, o hətta çıxışını “Bismillah”la, “Salam” vermədən də başlaya bilər. Fars dilində başlasa savabı daha da artar.
M.Əhmədoğlu qeyd edib ki, Azərbaycan dövləti nəinki mövcuddur, uğurla inkişaf edir:
“Prezident İlham Əliyevin bacarığı nəticəsində Azərbaycan iranlıların ağlına gəlməyən uğurlar qazanır, Avropada Azərbaycan uğrunda nəinki yarış, bəzən bu yarış qısqanclıq yaradır”.
Politoloq bildirib ki, İranın mədəniyyət naziri Bakıda olarkən əsərlərini fars dilində yazmış Nizami Gəncəvi, Məhtimqulu Fəraqi (Türkmənistan) və İqbal Lahuri (Pakistan) haqqında film çəkdirdiyini açıqladı:
“Bu şəxslərin fars dilində yazması onların İrana aid olması anlamında deyil. Bugünkü İran əslində türkmən, puştu, dəri, əfqan, kürd, tacik və azərbaycanlının ümumi zəhmətinin nəticəsidir. N.Gəncəvini dünya tanıyandan sonra ona sahib çıxmaq olar, İ.Lahurinin də Pakistan, Əfqanıstan coğrafiyasında tanınmasının motivasiyaları olub. Məhtimquli Fəraqinin Moskvada tədbiri keçirildi və keçiriləcək. II Dünya müharibəsi dövründə N.Gəncəvinin 800 illiyi Moskvada qeyd olunub. Bu işlərin hesabına tanınıblar, indi İran bu şəxslərə sahib çıxır. İran türkmən, puştu, dəri, kürd, tacik və azərbaycanlının zəhməti və irsi barəsində danışsın”.
M.Əhmədoğlu qeyd edib ki, İranın Azərbaycana total hücumunda təhqir elementlərinin ən çox olduğu son 7 ayda İranın Qəzzada HƏMAS vasitəsi ilə başladığı müharibədir:
“Fələstin və Qəzzada tamam ayrı coğrafi və etno-dini-psixoloji müstəvilərdə olan məsələdir. Fələstin dövlətinin mövcudluğu formallıqdır. O dövlətin adı və atributları var. Müstəqil iqtisadiyyatı, ordusu yoxdur. 4 milyardlıq Fələstin dövlətinin büdcəsinin 2 milyard dollarını ABŞ, Avropa İttifaqı, İsrail göndərir. 2 milyard dollar isə Fələstinin daxilində əmələ gələn və Qətər başda olmaqla müəyyən ərəb dövlətləri, fondlarının ianələridir. İran Fələstin dövlətini tanımayıb, Mahmud Abbası prezident kimi qəbul etmir. İranın tam tabeçiliyində olan HƏMAS ABŞ, İsraillə dialoqdadır, amma M.Abbas hökuməti ilə dialoqdan imtina edir. İran HƏMAS-a pul və silah xərcləmək əvəzinə həmin vəsaitlə Fələstin dövləti üçün ordu yarada bilərdi. Fələstin ordusu öz müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda legitim mübarizə apara bilərdi. İsrail bilsəydi ki, onun üzərinə 10 milyonluq Fələstin dövlətinin ordusu gəlir, təbii ki, İsrail tamam fərqli mövqedə olacaqdı. Qəzzanın Fələstin olmaq resursu yoxdur. 500-600 minlik əhalisi olan Qəzzanın hücumunun qabağını almaq İsrail üçün böyük çətinlik yaratmadı. İranın Qəzza ərazisində tikdiyi tunellər də İsrailə qaldı. İranın məqsədi Fələstinin amalına xidmət etmək deyil, əksinə o regionda müharibə yaratmaqla Ərəb-İslam dünyasında gərgin vəziyyət yaratmaq idi. Ərəb dövlətləri, Fələstin bunu başa düşdü, İranın araqarışdıran hiyləsi alınmadı”.
Politoloq əlavə edib ki, İranda Azərbaycanın ünvanına təhqirlər işlədirlər:
“Əlbəttə, o təhqiri işlədənlər, təhqirlərin işlənməsinə göstəriş verənlər səviyyəsini, hansı mühitdə böyüdüklərini, yaşadıqlarını göstərirlər”.
Şərhlər