Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub vaxtı”nın növbəti buraxılışı yayımlanıb.
Bu buraxılışda M.Əhmədoğlu İranın ali dini liderinin son zamanlar atdığı radikal addımlardan, yeni seçilən azərbaycanlı prezident Məsud Pezeşkianı aşağılamaq cəhdlərindən, İran-Ermənistan və İran-Fransa münasibətlərinin Azərbaycana qarşı yönəlməsindən bəhs edib.
M.Əhmədoğlunu səsləndirdiyi fikirlərin mətnini ixtisarla təqdim edirik:
- İranın daxili və xarici siyasətində uğursuzluqlar İranın ali dini liderini radikal addımlar atmağa vadar edir. O, İranın əvvəlki gücünü saxlamalıdır. Bu indiki dövrdə çox çətindir. Əvvəllər ABŞ-la gedən gizli danışıqlarda Hizbullah, HƏMAS, İraqdakı Həşdü-Şəbi qüvvələrinə dəstəyini azaldacağını vəd vermişdi.
İranın ali dini lideri yeni mübarizəyə başladı. “İmamət prinsipinə” yeni izah verməklə İranda şiəlik hakimiyyətini daha da gücləndirmək istəyir. Bu istiqamətdə “İmamət prinsipinin” möhkəmləndirilməsi əgər birinci addım idisə, prezident seçildikdən sonra M.Pezeşkianın başına açdığı oyunlar ikinci istiqamətidir.
İranın Konstitusiyasına görə, ali dini lider İranın sahibidir. İstənilən qərarı dəyişə, ləğv edə bilər. Özü yeni qərarlar verə bilər. Məhz bu prizma ilə də o M.Pezeşkianın prezident seçilməsinə müsbət yanaşdı. İran İslam Respublikasının tarixində ilk dəfə olaraq ali dini lider seçilmiş prezidentin prezidentliyini təsdiq etdi. Əlbəttə, kimsə bunu İran konstitusiyası ilə də əlaqələndirə bilər. Avropanın bəzi aparıcı dövlətlərində, xüsusilə İranın dilində adı əzbər olan Böyük Britaniya idarəçilik sistemi ilə də müqayisə etmək olar. Xalq tərəfindən seçilmiş parlament və yaxud nazir yalnız Böyük Britaniya Krallığının razılığını aldıqdan sonra o hökumət olaraq fəaliyyətə başlaya bilər. İranın ali dini lideri belə bir ciddi dəyişikliyə getdi. Əlbəttə, bu “xalqın prezidenti seçməsi niyə lazımdır” sualını da aktual hesab etməyə imkan vermir. Bu indiki dövrdə etnik azlığın təmsilçisi prezident olduğu dövrə təsadüf edir. Bu ayrı kontekstdir. İranın ali dini lideri “İmamət prinsipini” möhkəmləndirdiyi dövrdə Yəmən husilərinə əlavə yardım etdi. Husilərə edilən yardım vəziyyəti çox qısa müddət ərzində dəyişə bildi. Çünki ABŞ-ın İran üzrə siyasəti yalnız hərbisiz, tək qalmış İran ilə danışıqlar aparmaq idi. Ona görə proksi qüvvələr sıradan çıxmalı idi. Son dövrlərdə bu istiqamətdə iki vacib addım atdı. Yəmənin ən inkişaf etmiş regionu olan Hüdeydəni vurdu, neft müəssisələrini raketlərlə atəşə tutdu, sənaye obyektlərini də dağıtdı. Neçə vaxt ərzində Yəmənin daxilində hakimiyyətlə husilər arasında unison vəziyyət idi və ilk dəfə olaraq artıq Yəmən hökuməti husilərə etirazını bildirdi.
Amerika və Böyük Britaniya Yəmən istiqamətində hərbi aktivliyini də davam etdirirlər. B.Netanyahu ABŞ-da olduğu günü Suriyanın Colan təpələrinə hücumu da İranın digər proksi qüvvəsini sıradan çıxarmaq məqsədi daşıyır. İran həm “İmamət prinsipini”, həm də 28 iyunda İran prezidentini ali dini liderin təqdim etməsi prosedura ilə yeni İrandır. Yeni İranın əvvəlki hansı İranın davamçısı olacağı ilə bağlı ən yaxşı məlumat mənbəyi də yaxınlarda ortalığa qoyuldu.
Digər maraqlı bir məqam isə Seyid Abbas Musəvi ilə bağlıdır. Musəvi Azərbaycan dövlət rəsmilərinə İranın xeyrinə, Azərbaycanın ziyanına ideyalar verib və bu ideyalardan biri Azərbaycanın çox yüksək səviyyəli rəsmisi tərəfindən səsləndirildi. Bəlli olur ki, 3+3 formatının müəllifi Prezident İlham Əliyev deyilmiş, İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı imiş. 44 günlük müharibədən əvvəl İranın kəşfiyyat məlumatları var idi. İran müharibəyə qoşulmağa hazırlaşırdı. Hətta H.Səlami Araz çayının qırağında yatmışdı. İranın müxtəlif rəsmiləri, A.Əraqçı da daxil olmaqla İran-Azərbaycan, İran-Ermənistan sərhədində təftişlər aparmışdı. İran Ermənistanı müdafiə məqsədilə Azərbaycanın üzərinə hücuma keçəcək, bu zaman İranın hücumunun beynəlxalq aləmdə əsaslandırmasını vermək məhz A.Əraqçıya tapşırılmışdı. İran 44 günlük müharibədə nə qədər arzulasa, çalışsa da Azərbaycanın əleyhinə müharibəyə başlaya bilmədi.
İranın düşüncəsinə görə, Prezident İlham Əliyev Moskva ilə artıq müharibənin sonunu V.Putinlə razılaşdırıb və Türkiyə, Pakistanla birlikdə Azərbaycan çox güclü hərbi qala qurub. Ona görə də SEPAH Ermənistanı hərbi cəhətdən müdafiə edə, Azərbaycana qarşı müharibəyə başlaya bilmədi. Sonradan A.Əraqçı və İran XİN diplomatik yönə çevrilməli oldular. O zaman xarici işlər naziri C.Zərif məhz o məqsədlə iki dəfə Azərbaycana səfər etdi, Azərbaycandan Ermənistana getdi. Bununla da İranın Ermənistanın Azərbaycanla arasında 44 günlük müharibədən sonra İranın vasitəçilik missiyası başladı.
Araz çayının üzərinə kimsə belə funksiyalar qoymaq istəyirdi, o dövr keçdi. Həm ölkənin taleyinin müəyyən olunmasında, həm də İranda azərbaycanlıların aktivliyi vacib rol oynadı. İndiki dövr əgər İranın daxili və xarici siyasətində çox ciddi zəifləmə, uğursuzluqla xarakterizə olunursa azərbaycanlıların aktivliyi ilə xarakterizə olunub.
Seçki dövründə əhali M.Pezeşkiana təkliflər paketi hazırlayıblar, 20-ə yaxın təklif irəli sürülüb. Onlardan biri də İranın ostanlarına müstəqil xarici iqtisadi siyasət aparmaq imkanlarının verilməsidir. Bu çox düzgündür.
Azərbaycan Respublikası Araz çayı boyu Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil ostanları ilə Azad İqtisadi Zona yaradaraq beynəlxalq investorları da cəlb etməklə o regionun əhalisi üçün çox gözəl iqtisadi firavanlıq yarada bilər. O regionda Qərbə çıxarılmalı təbii ehtiyatlar var. O proseslərə Zəncan və Həmədan da qoşula bilər. O regionda İran konstitusiyasının bəzi maddələrinin fəaliyyəti dayandırılmalıdır. Xarici xanım vətəndaş normal avropalı, azərbaycanlı geyimində gəlir, İran istəyəndə hicab qaydasını işə salır və o, həbs olunmalıdır.
Prezident R.T.Ərdoğan M.Pezeşkiana zəng edərək şirin danışandan dərhal sonra “Turkish Airlines”in Tehran ofisinin içərisində hansısa qadın hicab qaydasına riayət etmədən gəzib. Dərhal rəsmi Tehran “Turkish Airlines” şirkətinin fəaliyyətini dayandırıb. Bunlar yeni azad zonada olmamalıdır. İranda əhalinin də İranın iqtisadi inkişafı ilə bağlı görüntüsü İran, Azərbaycanın rolunun artmasına, Azərbaycan Respublikasının dəstəyinə imkan verən şəraitdədir. Biz bu gün danışdığımız bu mətbu orqanı ilə bir il ərzində iki dəfə bu ideyanı gündəliyə gətirmişik. “Azərbaycan Respublikası Ərdəbil, Şərqi və Qərbi Azərbaycan ostanları ilə AİZ yaratmalı və o AİZ-də Azərbaycanın qanunları prioritet olmalıdır” fikrini gündəliyə gətirmişik.
Siyasi, geosiyasi, regional baxımdan ən vacib “Düşmənsiz Azərbaycan” ideyasını aktuallaşdırmaq, xüsusilə İrana təklif etməkdir. Azərbaycan düşmən axtarmır. Azərbaycanın bir düşməni var, o da 1-2 ilə düşmənçiliyindən əl çəkməli olacaq. Söhbət Ermənistan və ermənilərdən gedir.
“Düşmənsiz Azərbaycan” ideologiyasının digər tərəfi isə ondan ibarətdir ki, Azərbaycan qonşuluğunda düşməninin olmasına da imkan verməyəcək. Azərbaycana düşmənçilik etmək niyyətində olan bu dövlətin parametrinin artıq Azərbaycan üçün böyük əhəmiyyəti olmayacaq.
Azərbaycan Respublikasının əldə etdiyi uğurları nəzərə almaq lazımdır. Azərbaycan Prezidentinin beynəlxalq arenada davranışını təhlil etmək lazımdır. Müsəlman, türk dünyasında tarix boyu ikinci belə adam olmayıb. Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq aləmdə, Avropanın mərkəzində keçirilən tədbirlərdə iştirakına baxsınlar. Onu xoşlayan, xoşlamayan Avropa liderlərinin onun başına necə toplaşdığını dərindən öyrənsinlər. Bu Azərbaycanı tanımağa, gücünə bələd olmağa çox böyük mənbə ola bilər.
Şərhlər