Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı”nın növbəti buraxılışı yayımlanıb.

M.Əhmədoğlunu səsləndirdiyi fikirlərin mətnini ixtisarla təqdim edirik:

- Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın aktivləşməsinin səbəbi Rəşt-Astara dəmir yolunun tikintisinə icazə verməyən İrandır. Eyni zamanda Şimal-Cənub marşrutunun tikilməsinə icazə verməyən, Rəşt-Astara dəmir yolunun tikintisinə məhdudiyyət qoyan İrandır. Vladimir Putin də məhz buna görə aktivləşib. Söhbət Şimal-Cənub dəmir yolu marşrutunun Qərb istiqamətinin ikinci xəttinin çəkilməsindən gedir. İkinci xətt Zəngəzur (Sünik) dəhlizindən keçib getməlidir. Çünki İran Rəşt-Astara dəmir yolunun tikintisinə icazə vermir. Bu çox sadə məntiqdir. İran icazə vermir və Rusiya burada 160 km Rəşt-Astara dəmir yolunun tikintisinə 1,6 milyard avro vəsait ayırır, yenə də İran icazə vermir. Belə olan halda Rusiya niyə görə 43 km uzunluğu olan Zəngəzur dəhlizini açmasın? 43 km tikiləndən sonra Zəngəzur dəhlizi artıq İranın dəmir yoluna birləşir.

İranın Zəngəzur dəhlizinin tarixindən xəbəri yoxdur. Zəngəzur koridoru, Sünik, Mehri... Adına nə deyirsiniz deyin, bu tarixən Azərbaycan torpağıdır. Azərbaycan hətta İranla birlikdə olanda da o ərazilər Azərbaycanın torpağı olub.

1918-1920-ci illərdə ermənilər müəyyən qədər hərbi cəhətdən gücləniblər. SSRİ yarananda Azərbaycan Zəngəzuru özününkü olduğunu sübut etdi və Azərbaycan SSR yarananda Zəngəzur koridoru Azərbaycan SSR-nin tərkibində idi. Biz bu ərazi ilə SSRİ-nin tərkibinə girdik. 1923-cü ildə İ.Stalinin göstərişi ilə Azərbaycanla Türkiyənin əlaqəsini kəsməkdən ötrü o torpaq ermənilərə verildi. Bu barədə Mərkəzi Komitənin qərarı var. Analoji qərar 1954-cü ildə Krımla bağlı da çıxarıldı. Krım alınıb, Ukraynaya verildi. İndi Rusiya Krımı qaytardı. SSRİ-nin də varisi Rusiyadır. Rusiya SSRİ-nin 1923-cü ildəki səhvini də düzəldə bilər.

Zəngəzur dəhlizini BMT qarşısında məsələ qaldırmaqla dərhal Azərbaycana qaytara bilərik. Əgər İran, Ermənistan anti-Rusiya hərəkət edəcəksə, Rusiya həm Azərbaycanın xatirinə, həm də İranın acığına məsələyə məhz bu prizmadan yanaşa bilər.

İranın Zəngəzur (Sünik) dəhlizi mövzusunda Rusiyanın son mövqeyinə verdiyi reaksiya normal məntiqə sığmır:

1. İranın sərhəd problemi olmayan qonşusu yoxdur, bəziləri latentdir.

2. Küveytlə Araş adası üstündə ərazi problemi var. Bu neft yatağı üstündə həm də Səudiyyə Ərəbistanı ilə problem var idi. Səudiyyə Ərəbistanı bu problemlə məşğul olmağı Küveytə tapşırdı. Küveyt 1 sm İrana güzəşt etmək fikrində deyil.

3. BƏƏ -də İran hərbisinin dayandığı və istismar etdiyi 3 adanı özününkü hesab edir. Bu 3 adanı BMT sənədləri, Qərb və Ərəb dövlətləri BƏƏ-nin ərazisi hesab edirlər. Rusiya və Ərəb dövlətlərinin Xarici İşlər Nazirlərinin Şura iclasında ərəb dövlətlərinin ortalığa qoyduğu variantı, yəni “3 ada BƏƏ-yə məxsusdur” tezisi yerləşmiş sənədi imzaladı. Bu İran XİN-nin qınağına tuş gəldi. Bir rəsmi bəyanat və ardınca da şərh verdi. Hətta RF-in səfiri İran XİN-ə çağırılmadı.

4. Az keçmiş Çin və BƏƏ ilə imzaladığı müqavilədə 3 adanı BƏƏ-nin ərazisi hesab etdi. İran Çin səfirini XİN-ə dəvət edərək vəziyyəti müzakirə etdi. Bundan artıq bir addım atmadı.

5. RF iki dəfə İranı İsrailə qarşı müharibəyə şirnikləşdirdi. Hətta özü də kömək edəcəyini vəd verdi. İran mətbuatından görünür ki, Rusiya İran və ətrafının proksilərini də xeyli Katyuşalarla təmin edib. V.Putin hətta İ.Rəisini Kremlə dəvət etdi, ayrıca bu mövzunu müzakirə etdi, İ.Rəisi razılaşdı. Tehrana qayıtdıqdan iki gün sonra tərsinə qərar verildi. Ali dini lidermi, yoxsa SEPAH icazə vermədi. Bu hələki bəlli olan deyil.

6. İranla qaz svopu, neft müqaviləsi, Şimal-Cənub dəmir yolu sahəsində də ciddi irəliləyiş yoxdur. 20 milyardlıq 4 neft müqaviləsi imzalanan anda İran imtina etdi.

7. Zəngəzur dəhlizi İranın ərazisi deyil, Ermənistanın ərazisidir və Zəngəzur (Sünik) dəhlizindən istifadə, yəni Azərbaycanın qalan ərazisi ilə Naxçıvana yolun açılması İranla Ermənistanın sərhədinin kəsilməsi anlamında deyil. Zəngəzur dəhlizinin yeganə fərqi ondan ibarətdir ki, İranın 15 qonşusundan biri xristian (Ermənistan) 14-ü müsəlman dövlətləridir. İranda digər dəlillərə də əsasən qeyd etmək olar ki, müsəlman dövlətləri əhatəsində olmaq İranı hədsiz dərəcədə qıcıqlandırır, iyrəndirir. Ermənistana yeganə çıxışı özü üçün oksigen yastığı, təmiz hava mənbəyi kimi qəbul edir. Ona görə Rusiyanın ünvanına kəskin ifadələr işlədir. İranın bütün siyasi isteblişmenti artıq bu işlə məşğuldur. Rusiyanı təhqir edirlər, mətbu orqanları kinayəli təhqirli ifadələr işlədirlər. Görünür, Rusiyanın Ukrayna ilə cəbhədə uğur qazana bilməməsi İranı bu mövzuya şirnikləşdirir. Ermənistan ərazisindən Gürcüstana və oradan da Avropaya çıxmaqla bağlı İranın niyyətləri nağıldır. Çünki İran 10 ildən çox Şimal-Cənub dəmir yolunu Ermənistan ərazisindən çəkəcəyini bildirdi və Azərbaycana qarşı da laqeydlik etdi, təki Azərbaycandan çəkilməsin, sonradan vəsait tapa bilmədi. Ermənistan İrana söykənərək beynəlxalq maliyyə qurumları ilə danışıqlara getdi. Hətta bundan ötrü “Rasia Fze” adlı təşkilat yaratdı. Hesablama 5 milyard dollar lazım olduğunu göstərdi. İran və Ermənistan bu pulu qoya bilmədilər. İran yalnız öz ərazisindən keçən 60 km-lik yolu tikəcəyini vəd verdi. Ermənistan da qalan yolu tikə bilmədi.
O zaman İran bu işi görə bilməyibsə, indi o işi görmək imkanı yoxdur, xərci artıb. HƏMAS, Hizbullah, Ənsərullah, Suriyada qoşunları, İraq ərazisində Həşdü-Şəbi İranın pulunu yeyir. İranın daxilində elektrik qıtlığı ildən-ilə kəskinləşir. İranın Ermənistan ərazisindən avtomobil, dəmir yolu, qaz, neft kəməri çəkməsi imkan xaricindədir.

İranda həm də o qədər məntiqsiz vəziyyət yaranıb ki, İran Türkmənistanın qazını Avropaya çıxartmaq istəyir. Zəngəzur (Sünik), Ermənistan yolu işləmir, işləməyəcək, Türkiyə ərazisi vasitəsilə keçirilməlidir. Türkiyədə İranla Avropa arasında əlaqəni qurmağa tam infrastruktur mövcuddur. Azərbaycandan da SSRİ dövründə Gürcüstanla sərhədə çəkilmiş qaz kəməri mövcuddur və dəmir və avtomobil yolu da hazırda çox yaxşı vəziyyətdədir. İran bunu görmək istəmir.

İranın RF-ə davranışının motivasiyası:

1. Sanki RF Azərbaycanı İranın ağzından alıb.

2. İran Rusiyaya qarşı sərt mövqe göstərməklə ABŞ-ın diqqətini cəlb etmək istəyir.

3. Bunun tam tərsi də ola bilər. İran üçün çox faciəvi bir vəziyyət yarana bilər.

4. İran RF-nin Ukraynadakı zəifliyindən və beynəlxalq aləmin ona təzyiqləri artırmasından, ABŞ-dakı prezident seçkilərinə vaxtın az qaldığını nəzərə alaraq Cənubi Qafqaza, bəlkə də ümumilikdə Qafqaza qoşun yeritmək niyyətindədir.