Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı”nın növbəti buraxılışı yayımlanıb.

M.Əhmədoğlunun səsləndirdiyi fikirləri ixtisarla təqdim edirik:

İran Zəngəzur koridoru ilə bağlı nə edəcəksə eynilə o vəziyyəti də Rusiya BƏƏ-nin üç adası ilə bağlı İrana qarşı edəcəkdir.

3+3 formatının Türkiyədə keçirilən iclasına hamıdan əvvəl İran və Ermənistan birlikdə hazırlaşdı. Nəhayət 3+3 formatının Türkiyədə iclası keçirildi. İclas İranla Ermənistanın birgə ssenarisini rədd etdi, öz ssenarisi üzrə keçdi. Yekun bəyannaməyə münasibət də bunun aydın göstəricisidir. Ermənistanda “Armenpress” Türkiyə XİN-in 3+3 formatının iclasının bəyanatını olduğu kimi yaydığı halda Ermənistan XİN qurama bəyanat yaydı. Ənənəvi erməni klişelərini əlavə etdilər.

Bu məsələdə İran bir az da qabağa getdi. Regional proseslərlə bağlı erməni klişeləri ilə yanaşı, yenilənmiş bəzi klişelərini də əlavə etdi. Türkiyədə keçirilən 3+3 formatında beş dövlət iştirak edirdi. Onlardan biri Türkiyənin xarici işlər naziri Prezident Ərdoğanla görüşdə müzakirə masasının Türkiyə tərəfində oturmuşdu, qalan 4 dövlətin nazirləri - S.Lavrov, C.Bayramov, A.Mirzoyan və A.Əraqçı ardıcıllığı ilə oturtmuşdular. Aydındır ki, bu həm də tək regional mövzularla bağlı deyil, həm də son dövrlərdə İranın iç üzünün Türkiyəyə bəlli olması ilə əlaqəli idi. Ona görə də TRT-nin rəhbəri ilin sonunda TRT-fars kanalını açacaqlarını bildirdi və İranı daxildə narahat etmək məcburiyyətində olduqlarını açıqladı.

Türkiyədə İranpərəst qüvvələr iki televiziya platforması ilə Azərbaycan-Türkiyə birliyinin əleyhinə çox iş aparırdılar. Qəzzada başlanmış və gedən hərbi əməliyyatların Fələstin ideallarına deyil, məhz İranın regional maraqlarına xidmət etdiyini görmədilər, anlamadılar. Məhz bunun nəticəsi idi ki, ali dini lider Qəzza müharibəsinin gedişinin yarısında Qəzzada başlanan müharibənin məqsədini elan etdi. Fələstin deyildi, İsraillə Səudiyyə Ərəbistanı arasında normallaşma prosesini pozmaq idi. Ona görə ərəb dövlətləri dərhal İsraillə əlaqələri möhkəmləndirdilər. Qəzza müharibəsinin ilk aylarında ərəb dövlətləri İsrailə yardım etmirdilərsə, qarşı idilərsə ali dini liderin o bəyanatından sonra hamısı quru yollarını İsrailin sərəncamında qoydular. İsrail neft, ərzaq və digər zəruri vacib məhsuldan ötrü heç bir narahatlıq keçirmədi. Ancaq Azərbaycanın İsrailə satdığı neftlə bağlı çox şişirdilmiş rəqəmlər səsləndirirdilər. İranın destruktiv rolu ilə bağlı olan məsələlərə və ABŞ-la İran arasında gedən danışıqların da mahiyyətinə fikir vermədilər.

İran artıq həqiqəti gizlədə bilmədi və 3+3 formatı dövründə istədiklərini ala bilməyən İran bir az ondan əvvəl Rusiyanın təzyiqi altında idi. Nəticədə İran başa düşdü ki, Rusiya ondan narazıdır, erməni ictimai-siyasi mühiti Rusiyanın tərəfindədir. N.Paşinyan hökuməti də ciddi anti-Rusiya addım ata bilməyəcək və 3+3 formatının İstanbul görüşündə də özünü müəyyən qədər geri çəkilmiş kimi apardı. Bu sadəcə hiylə idi.

Bu İranın çox orijinal anti-Azərbaycançılığıdır və Azərbaycana nifrət İranı vadar edir ki, İslam prinsiplərini pozsun, şiəçiliyin əleyhinə getsin. Əgər şiəçiliyin əleyhinə gedirsə İslamın digər ehkamları ilə də bağlı İranın mövqeyi səmimi qəbul edilə bilməz. İran belə başa düşür ki, digər ərəb, müsəlman dövlətləri İranın Azərbaycanla bağlı siyasətindən xəbərsizdir. Türkiyə ilə münasibətlərində İran çox ciddi dəyişiklik etməlidir.

İran son günlər apardığı siyasət ətrafında həlqəni daraldır. İranın başına nə gəlirsə savadsızlığından, dünyada baş verənləri dərk etməməsindən, “güc var, ağıl lazım deyil”, din, məntiq, Allahı və bütün bunları İran məzuniyyətdə hesab edir. O hesaba da İran özünə sui-qəsd mərhələsindədir.

Azərbaycan torpaqlarının işğalda qalması uğrunda vuruşan Ermənistan gəncini İran vətəndaşının mükafatlandırması təbii ki, rəsmi və dini Tehranın göstərişi ilə olandır. 2021-ci ilin yanvar ayında baş vermiş hadisəni yenidən təkrarlaması İranın şiə torpağının işğalda qalmasında maraqlı olduğunun əyani sübutudur. İdmançı Əhməd Bagirpur idman yoldaşı Artur Sukiasyanı “Artsaxda” (Qarabağ) müharibədə öldüyünə görə qızıl medalını ona bağışlamışdı. Yaxınlarda da Türkiyədəki 3+3 formatındakı tədbirdən sonra yenə həmin epizodu təkrar etdilər. Əhməd Bagirpur qızıl medalı Ermənistanın İrandakı səfirinə təqdim etdi ki, o medalı A.Sukiasyanın ailəsinə təqdim etsin.
2024-cü ilin oktyabrın 20-də olan proses eynilə 2021-ci il yanvarın 13-də də baş vermişdi. İran səfirliyinin üçüncü katibi o zaman qızıl medalı qəbul etdi. Yanvarın 30-da o zaman Artaşes Tumanyan gətirib Ermənistanda medalı Azərbaycan torpaqlarına qarşı vuruşarkən ölmüş erməninin ailəsinə hədiyyə etdi.

İranın şiə müsəlman Azərbaycan torpağını işğal edən Ermənistana təxminən ABŞ qədər yardım etməsi faktdır. Bunlar rəsmi statistika ilə sübut olunmuş məsələlərdir. Baş vermiş anti-şiə, anti-Azərbaycan hərəkatı təkrarən önə çıxarması bu artıq qisas və yaxud kəskin nifrətlə əlaqəli psixoloji problemdir.

İran boynuna ilgəyi atıb, stulun üstündədir, öz-özünü itələyib yıxacaq. İranın şiəliyə, ümumilikdə müsəlmanlığa münasibəti yeni sektaya sitayiş etdiyini qeyd etməyə əsas yaradır. Elə sektalar var ki, orada öz ilahələrinə qovuşmaq üçün özünə sui-qəsd etməlisən.

Panfarsizm çox güclüdür. İranın fikrincə, Quran-Kərim Salmani Farsiyə nazil olmalı imiş. Həzrəti Peyğəmbərlə dağa çıxanda o mədəni, şəhər adamı olduğu üçün bir az addımları zəif olub, ilk dəfə ayağı sürüşüb deyə Allahın göndərdiyi sözü Salman Farsi yox, Həzrəti Peyğəmbərimiz eşidib. Bu dərəcədə İranda anti-İslam, anti-türk, anti-ərəb yanaşma hiss olunur.

Tək din və Azərbaycanla əlaqəli deyil. ABŞ prezidentinin Azərbaycan Prezidentinə heç bir əlamətdar hadisə olmadan məktub göndərməsi artıq regionda vəziyyəti dəyişir. İran ABŞ-la gizli danışıq aparmaqla həm Azərbaycanı, həm də Rusiyanı bəzi maraqlı dövlətlərdə fərqli fikirlər yarada bilmişdi. C.Baydenin Prezident İ.Əliyevə məktubu ABŞ-ın İranla oynadığını göstərir; İrana əvvəlki münasibətdədir. Bu, Azərbaycan üçün çox böyük üstünlükdür. Çünki Azərbaycan istəsə İrana qarşı fəaliyyətin əsas istiqamətlərini əlinə götürə bilər. Bu halda ABŞ Ermənistanı Azərbaycana tabe etdirəcək, İranla əlaqəli proseslərin episentri Azərbaycan olacaq. 2005-ci ildə Azərbaycan İranın xatirinə ABŞ-ın təklifindən imtina etmişdi.

Daha maraqlı proseslər 3-4 gün ərzində Rusiyada baş verir. Rusiyanın Rəşt-Astara dəmir yolunun tikintisindən imtina etməsi barədə məlumatlar yayıldı. Bu o deməkdir ki, RF ancaq Mehri dəmir yolunun üstündə, Zəngəzur koridoru uğrunda mübarizə aparacaq. O dəmir yolu ki, çar dövründə rus silah-sursatını o zamankı İran ərazisinə daşıyıb, yol indi də fəaliyyətdə olacaq. O dəmir yolu ilə ki, II Dünya müharibəsi dövründə SSRİ əsgərlərini, onların döyüş sursatlarını İranın ərazisinə aparılıb, o yol yenidən işə düşəcək.

İranın çalışdığı budur. İranın ağlına başqa bir şey gəlmir. Belə olan halda Rusiya Azərbaycanla əməkdaşlığa xüsusi diqqətini artırmalıdır. İran ABŞ-la necə oynayırsa, Rusiya da İranla oynamağa başladı. Rusiya üçün müttəfiq Birləşmiş Ərəb Əmirlikləridir. BRİKS ərəfəsində RF prezidenti BƏƏ-nin Kralına xüsusi münasibət göstərdi, onu qonaq çağırdı. Prezidentin köməkçisi Y.Uşakovun fikrincə, danışıqlar çox uğurlu keçib, Ukrayna və Yaxın Şərq müzakirə olunub. Aİ də üçlü adanı BƏƏ-yə məxsus hesab edir. RF üçlü adanı BƏƏ-yə qaytarmaqla Avropa ilə də olan problemlərinin yumşalmasına səbəb ola bilər. Yeri gəlmişkən, RF İsraillə də Ukrayna və Yaxın Şərqi müzakirə edir.
İran Zəngəzur koridoru ilə bağlı mövqeyini gizli, aşkar, hiylə, kələk və s. nə edəcəksə eynilə o vəziyyəti də Rusiya BƏƏ-nin üç adası ilə bağlı İrana qarşı edəcəkdir.

İranın ən böyük faciələrindən biri də onun Türkiyəyə qarşı apardığı siyasətdir. Öz vətəndaşlarının beynini ABŞ-a bağışlayan İran Türkiyə və Azərbaycan vətəndaşlarının beynini yeyir. Türkiyə ilə düşmənçilik edən İran türkmən qazını Türkiyəyə və oradan Avropaya keçirə bilərmi? Azərbaycanla da yolu İran özü bağlayıb.

Çıxış yolu var:

- Bu, İranın Allaha qayıtmasıdır.

- İranın Quran prinsiplərinə, ayələrinə inama qayıtmasıdır. Təkəbbür rədd olunmalıdır, dinimizin hamı ilə dinc qonşuluq prinsipi işə düşməlidir.

- Silahlanmadan əl çəkməlidir,

- İqtisadi inkişaf yolu ilə getməli, iqtisadi tərəqqidə qonşularını təəccübləndirməyi bacarmalıdır.

- Azərbaycan Respublikası ilə xüsusi münasibəti olmalıdır.

- Ermənistandan ən azı 100 km aralıda dayanmalıdır.

Başqa variant bilirsə, buyursun. İran sadəcə harasa raket ata bilər, vəssalam. ABŞ, İsrail və ərəb ölkələrindən və digər qonşularından bir raketin əvəzinə 4-5 raketlər İran ərazisinə düşəcək.