“Bu təşkilatda toplanan dünya azərbaycanlıları ilk dəfə 2023-cü ilin mayın 13-də bir araya gələrək Fond yaratmaq təşəbbüsü ilə çıxış etdilər”.
Diaspora.TV xəbər verir ki, bu fikirləri İtaliyanın Roma şəhərində keçirilən Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) 4-cü Forumunda çıxışı zamanı DABF-ın baş katibi Hikmət Cavadov bildirib. Onun sözlərinə görə, Forumda iştirak edən şəxslər bu diaspor sahəsində gedən proseslərdən xəbərdardırlar:
“Tədbirdə iştirak edən şəxslər diasporun tanınmış simalarıdır və onlar diaspor hərəkatında gedən prosesləri yaxından izləyirlər. Bu mənada sizlərə təşəkkür edirəm ki, dəyərli vaxtınız ayırıb bu tədbirdə iştirak edirsiniz”.
H.Cavadov qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra torpaqlarımız işğaldan azad edildi və elə bu hadisədən sonra Azərbaycana qarşı informasiya savaşı başladıldı:
“Biz nəhayət ki, uzun sürən çətin dövrdən qələbə dövrünə keçmişik. Ümumiyyətlə, müharibəni zəfərlə bitirdiyimiz dövrdən sonra diaspora aktivləşsə də, bilirik ki, hər zaman Azərbaycana qarşı dünyanın müxtəlif ölkələrində istər düşmən tərəfdən, istərsə də, ona havadarlıq edən ölkələr tərəfindən təzyiqlər var. Digər ölkələrdən soruşsaq, onlar da bunu deyə bilər. Çünki hər bir dövlətin, diasporun öz problemləri var. Amma Azərbaycan kimi müstəqilliyini yeni qazanmış dövlətə digər ölkələrin diaspor təşkilatları daim basqı göstərməyə çalışırlar. Biz buna informasiya müharibəsi deyirik. Əlbəttə ki, Azərbaycan dövləti rəsmi orqanların iştirakı ilə informasiya müharibəsində iştirak edir. Bitərəf olanlar da bunu təbii qarşılayır. Çünki hər bir dövlətin rəsmi nümayəndəsi onun maraqlarını qoruyur. Bu məsələdə xaricdə yaşayan Azərbaycan diasporunun, ələlxüsus təşkilatlanmış soydaşlarımızın rolu böyükdür”.
Baş katib vurğulayıb ki, qələbədən sonra Azərbaycan dövlətinə dəstək vermək diasporun bir nömrəli vəzifəsidir:
“Buna görə də forumun bugünkü əsas mövzusunu Azərbaycan diasporunun qlobal informasiya müharibəsindəki roluna həsr edəcəyik. Əlbəttə, bu geniş mövzudur və həm reallıqlardan, həm vəzifələrdən danışacağıq. Bir məsələni də qeyd edim ki, biz ilk təsis toplantısını İsveçin paytaxtı Stokholmda ötən il may ayının 13-də keçirmişdik. Ötən bir il ərzində fondumuzun həyata keçirmiş olduğu layihələr barədə məlumat verilib. Ona görə də bu məsələnin üzərindən qısaca keçəcəm. Çünki bununla bağlı sosial şəbəkələrdə, Azərbaycanın informasiya agentliklərində məlumatlar yer alıb”.
H.Cavadov bildirdi ki, fondu yaratmaqda məqsəd dünyadakı azərbaycanlıları bir araya gətirməklə milli maraqlarımızın reallaşmasını təmin etməkdir:
“Əlbəttə ki, Fond biznes qurumu deyil, biz daha çox Azərbaycanın xarici siyasətinə dəstək veririk. Xaricdə yaşayan azərbaycanlıların hüquqlarını qorumaq, lobbiçilik siyasətinə keçid üçün bu Fonddan alət olaraq istifadə etmək istəyirik. Onu da qeyd edim ki, Fondun strukturu ilə bağlı təklifimiz var. Belə ki, İdarə Heyətinin tərkibinin genişləndirilməsi məqsədə uyğun olardı. Çünki ayrı-ayrı ölkələrdən yeni təmsilçilərin İdarə Heyətində yer alması gücümüzə güc qatacaq”.
Diaspora.TV
Şərhlər