“Uğurlu soydaş” verilişinin növbəti qonağı Almaniyada yaşayan soydaşımız, Bad-Mergentheim şəhərinin “Karitas” xəstəxanasının Endourologiya şöbəsinin rəhbəri Hikmət İsmayılov olub.
H.İsmayılov verilişdə öz uğur hekayəsindən və peşəsi ilə yanaşı diaspor fəaliyyətindən də danışıb.
“Həkimlik çox çətin peşələrdəndir. Hətta öz doğma ölkəndən kənarda bu işlə məşğul olmaq daha çətindir. Mən 2011-ci ildə Tibb Universitetini bitirmişəm. Sonra 5 il öz seçdiyin ixtisas üzrə rezidentura təhsili üçün Almaniyaya gəldim. Artıq təhsil almaq mərhələlərini başa vurmuşam və xəstəxanada rəhbər vəzifədə çalışıram. Düşünürəm ki, həkim ömür boyu təhsil alır. Mən də həmçinin bu istiqamətdən yola çıxıb Almaniyaya gəldim”, - deyə o bildirib.
13 ildir Avropada yaşayan soydaşımız qeyd edib ki, tibb sahəsi üzrə Almaniyada şərait imkanları genişdir:
“Almaniyada təhsilimin son kursunda bir konfransa qatıldım. Həmin konfransda tibb üçün Almaniyanın doğru seçim olduğu qənaətinə gəldim. Həkimlərə qarşı diqqəti gördüm və beləliklə burada yaşamaq qərarı aldım və seçimimdən də məmnunam”.
H.İsmayılovun sözlərinə görə, rəhbər vəzifədə çalışmağına baxmayaraq yeni hədəfləri də var.
“Almaniyada müsəlman şöbə müdirlərinə çox az hallarda rast gəlinir. Multikultural dövlət olduğu üçün yaşadığım şəhərdə bir çox ölkələrdən insanlar var. Pasientlərim də bu baxımdan fərqli millətlərdən olur. Hətta biləndə ki, azərbaycanlıyam və rus, ingilis, türk, Azərbaycan dillərini bilirəm, pasientlərin əksəriyyəti mənə yönəldilir. Hətta elə olub ki, pasinetlərim azərbaycanlı olduğumu bilməyiblər və əməliyyatdan sonra onları ziyarət edərkən görürlər ki, həmyerliyik, bu da bir müsbət emosiya ilə qarşılanır”.
H.İsmayılovun sözlərinə görə, hər bir həkim ən güclü diaspora elementidir:
“İş prinsipimizi doğru qurduğunuz zaman, pasientləriniz sizdən razı qalırsa, söhbət əsnasında məlum olur ki, azərbaycanlısınız. Bunun özü də bir diasporadır. Digər aspektdən də demək olar ki, Almaniya tibb sahəsində ən gənc kadrların bir arada olduğu yeganə ölkələrdəndir. Azərbaycanlı gənclər də ölkəmizin əlamətdar günlərində öz fəallıqları ilə seçilirlər. Vaxt olduqca, azərbaycanlı gənclərlə görüşürük, hətta “Qarabağ” Futbol Klubunun oyununda da bir araya gəldik”.
Azərbaycanlı həkim boş zamanlarında üzgüçülüklə məşğul olduğunu bildirib:
“Şahmata da böyük marağım var. Gənclərimizə də tövsiyə edərdim ki, Azərbaycanı layiqincə təmsil etsinlər. Vətəndən kənara çıxmazdan əvvəl yaxşı düşünsünlər, yol xəritəsi çəksinlər, qərarlarının arxasında durmağı bacarsınlar. Almaniyaya gedən ilk nəsillərdən hesab olunuruq. Buna görə də birinci gələnlər adətən bizə müraciət edirlər. Bunun özü də çox qürurvericidir”.
Şərhlər