“Diasporla Gündəm” verilişinin növbəti qonağı Müasir İnkişaf Birliyinin sədri, Beynəlxalq Həmrəylik Təşkilatının Azərbaycan üzrə koordinatoru Mübariz Göyüşlü olub.
M.Göyüşlü verilişdə yeni qurulan Beynəlxalq Həmrəylik Təşkilatından (BHT) və Azərbaycan diasporundan bəhs edib.
M.Göyüşlü bildirib ki, 1 iyun 2024-cü ildə təsis olunan təşkilatın 14 ölkə üzrə koordinatorları var:
“2023-cü ilin yanvarından beynəlxalq ictimaiyyəti narahat edən qlobal məsələlərə görə, onlayn konfrans təşkil etdik və virtual platformada həmrəylik qrupu olaraq bir araya gəldik. Beynəlxalq Həmrəylik Təşkilatının yaradılmasına marağın bu qədər olacağını gözləmirdik. Dünyanın 30-a yaxın ölkəsindən nüfuzlu ziyalıların təklifi və dəstəyilə Beynəlxalq Həmrəylik Təşkilatınının ətrafında əməkdaşlıq yaratdıq”.
Koordinator əlavə edib ki, gələcək fəaliyyətlərində qlobal problemlərin həllinə töhfə verməyə çalışacaqlar:
“Beynəlxalq səviyyədə təklif və tövsiyələrlə çıxışlar edəcək, ölkələr üzrə təşkilatlanmanı genişləndirəcəyik. Əslində məqsədimiz çox da böyük deyil, çünki BMT-nin edə bilmədiyini biz necə edə bilərik? Lakin müəyyən qədər buna çalışmaq lazım olduğunu düşünürük. Kim istəməz ki, sülh və əminamanlıq içində birgə həyat sürsün?! Beynəlxalq Həmrəylik Təşkilatının yaradılmasında əsas məqsəd dünyada gedən proseslər və qlobal problemlərlə bağlı müzakirələr təşkil etmək, beynəlxalq əməkdaşlığı genişləndirmək, bəşəriyyəti narahat edən məsələlərə münasibət bildirmək, təklif, tövsiyyə, bəyanatla çıxış etmək, ictimai rəy formalaşdırmaqdır”.
M.Göyüşlü qeyd edib ki, təşkilata müxtəlif ölkələrdən qoşulan koordinatorların əksəriyyəti və hətta daha çoxu diaspor fəallarıdır:
“Hansı ki, həmin şəxslər ya hansısa təşkilat sədri, ya da üzvüdür. Gələcək planımız odur ki, onlar qarşıdakı günlərdə yalnız azərbaycanlılar deyil, həm də yaşadıqları ölkənin yerli dövlət qurumları və səlahiyyətli şəxsləri ilə də təmaslarını artırsınlar. Beləliklə də təşkilatımızın beynəlxalq fəaliyyəti yüksək səviyyədə davam edəcək”.
Şərhlər