“Diasporla müsahibə” verilişinin növbəti qonağı Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının bölgə üzrə Siyasi Şurasının sədr müavini və 26 oktyabr tarixində bu ölkədə keçiriləcək parlament seçkilərində deputatlığa namizəd Rəfi Orucovdur.
R.Orucov müsahibəsində Gürcüstanda keçiriləcək parlament seçkilərindən, bu seçkilərdə namizəd kimi çıxışından və proses yekunlaşdıqdan sonra Gürcüstan cəmiyyətində nəzərdə tutduqları layihələrdən söz açıb.
R.Orucov bildirib ki, Gürcüstan azərbaycanlılarının kifayət qədər problemləri var:
“Həm sosial, həm də təhsil sahəsində dəyişimə ehtiyac var. Əgər xalqımız “5” nömrəyə səs versələr, bu problemlərdən qurtulacaqlar. Biz istəyirik ki, qalib millət, qalib xalq kimi bu seçkilərdə də qalib olaq, azərbaycanlıların Gürcüstan siyasətində də rolunu yüksək qiymətləndirək”.
R.Orucov Gürcüstanın eks-prezidenti, hazırda həbsdə olan Mixeil Saakaşvili ilə görüşündən də söz açıb:
“Açığı mən düşünməzdim ki, Mixeil Saakaşvilinin azərbaycanlıların problemləri ilə bağlı ətraflı məlumatı olsun. O, olub-bitən məsələlərin hamısından xəbərdardır. Bu məni çox təəccübləndirdi. Çox sevindim ki, azərbyacanlıları önəmsəyən, həm fikirlərini, həm istəklərini, həm də problemlərini bilən şəxslər hakimiyyətdə olub”.
R.Orucov Gürcüstan azərbaycanlılarından “5” nömrəyə səs vermələrini xahiş edib:
“Seçimlərində yanılmayacaqlar. Çünki bizim kifayət qədər planlarımız var. Hansı ki, həmin planlardan sonra Gürcüstan cəmiyyətində soydaşlarımızın yaşam tərzi yaxşılaşacaq. İnanırıq ki, xalqımız düzgün seçim edəcək”.
Şərhlər