“Diasporla müsahibə” verilişinin növbəti qonağı Gürcüstanın Marneuli şəhər Bələdiyyəsinin Məclis üzvü, siyasətçi Nərgiz Əliyeva olub.
N.Əliyeva müsahibədə Gürcüstanda yaşayan soydaşlarımızdan, Azərbaycan və Gürcüstan arasındakı mədəni, humanitar əlaqələrdən bəhs edib.
Onun sözlərinə görə, 2006-cı ildən etibarən - yeniyetmə yaşlarından ictimai işlərə marağı olub:
“Çox aktiv gənclərdən olmuşam. Uzun müddət azərbaycanlılarla bağlı ictimai-sosial layihələrin icrasında fəal iştirak etmişəm. Zamanla siyasətə gəldim və burada da fəal olan ilk azərbaycanlı xanımam deyə bilərəm. Təvazökarlıqdan uzaq olsun, burada bizləri tanıyırlar. Marneuli Bələdiyyəsinin Məclis üzvü kimi çalışdım. Borçalıda eləcə də Gürcüstanın digər şəhərlərində yaşayan soydaşlarımıza nə zaman kömək lazım olsa, əlimizdən gələni etmişik. Xalqın həyat tərzi ilə yaxından tanış olmuşuq, problemləri ilə maraqlanmışıq”.
N.Əliyeva qeyd edib ki, Gürcüstanda oktyabrda keçiriləcək seçkilərdən sonra hər şeyin qaydasına düşəcəyinə inanır:
“Çünki hazırda bizim çox böyük çətinliyimiz var. Onlardan ən birincisi Azərbaycan məktəblərinin sürətlə azalmasıdır. Ümummilli liderimiz Heydər Əliyev və Prezidentimiz İlham Əliyev Azərbaycan dilinə yüksək dəyər veriblər. Biz də öz növbəmizdə dilimizi qoruyub yaşatmalıyıq”.
Siyasətçi bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar diaspor deyil, aborigen xalqdır:
“Biz Azərbaycan dövlətindən nə isə tələb edə bilmərik. Əgər Azərbaycan bizim üçün nələr edirsə, şərait yaradırsa yalnız təşəkkür etməliyik”.
Müsahibimiz keçmişdə ictimai fəaliyyətindən də söz açıb:
“Azərbaycan həqiqətlərini dünyaya hər birimiz bir nəfər kimi tanıtmalıyıq. Harada yaşamağımızdan asılı olmayaraq bunu etməliyik. Gürcüstanda Azərbaycan icması, bir xeyli təşkilat var. Soydaşlarımız fəaldır, tədbirlər edirlər, ancaq bu kifayət etmir. Daha genişmiqyaslı işlərlə vətənimizi tanıtmalı və təmsil etməliyik. Çünki Azərbaycan dövləti bunun üçün bizə kifayət qədər şərait yaradıb”.
Şərhlər