Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) azərbaycanlı gənclərə xaricdə təhsil almaları üçün müraciət prosesinə dəstək layihəsinin birinci mərhələsi başa çatıb.
Fondun Media və Kommunikasiyalar Departamentindən verilən məlumata görə, birinci mərhələdə Fonda ümumilikdə 225 nəfər müraciət edib.
Müraciət edənlər arasından akademik göstəriciləri daha yüksək olan 30 gənc seçilib.
Növbəti mərhələdə seçilən 30 gənc müsahibəyə dəvət olunacaq. Artıq bu barədə onlara bildirişlər və müsahibə mərhələsində iştirak üçün dəvət göndərilib.
Qeyd edək ki, 10-18 fevral tarixlərini əhatə edəcək müsahibədə 30 nəfərin arasından Fondun Təhsil layihəsini qazanan 10 tələbə seçiləcək. Müsahibə zamanı tələbələrin akademik göstəricilərindən əlavə onların motivasiyası, sosial aktivlikləri, dünya görüşləri kimi faktorlar da əsas götürüləcək. Seçilmiş 10 nəfər dünyanın ən nüfuzlu universitetlərində təqaüdlü təhsil üçün DABF-ın təhsil layihəsindən istifadə edəcəklər.
Şərhlər