Noyabrın 14-də, saat 19:00-da Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “İgidlərin sözü” layihəsi çərçivəsində “Qayıdışın mübarək” adlı bədii-musiqili gecə keçiriləcək.
Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq bədii-musiqili gecə “8 noyabr – Zəfər günü”nün üçüncü ildönümünə həsr olunacaq.
Gecədə sözləri şair Arif Abdullazadəyə, musiqisi isə Əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus “Şəhidlər andı”, Əməkdar artist Lalə Məmmədovanın ifasında isə sözləri şairə Nigar Həsənzadəyə (tərcümə: Salam Sarvan), musiqisi Xanım İsmayılqızına məxsus “Qayıdışın mübarək” adlı mahnılar ilk dəfə ifa olunacaq.
Musiqili-bədii gecədə Beynəlxalq Muğam Festivalının qaliblərindən Həzrət Əzizli, qazi şairlər və musiqiçilər çıxış edəcəklər.
Layihənin ideya müəllifi Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Mədəniyyət, sosial və humanitar məsələlər komitəsinin sədri, şairə Nigar Həsənzadədir.
Qeyd edək ki, musiqli gecədən əvvəl Muğam Mərkəzinin foyesində Azərbaycan Dövlət Televiziyasının “Döyüşən rəssamlar” layihəsi çərçivəsində Qazi rəssamların əsərləri nümayiş etdiriləcək.
Tədbirə giriş sərbəstdir.