Diaspora.TV-də yayımlanan “Uğurlu soydaş” verilişinin növbəti qonağı İtaliyada “Şahmatın şahı” “Azərbaycan işıq saçır”, “Şahmatın dahisi” ifadələri ilə tanınan Azərbaycan əsilli İtaliya şahmatçısı Mirağa Ağayev olub.
Öz uğur hekayəsinə gedən yoldan danışan M.Ağayev qeyd edib ki, şahmata uşaq yaşlarından başlayıb və ailəsi ona hər zaman dəstək verib:
“Biz ailədə 3 uşaq olmuşuq, aralarında ən sakiti mən olduğum üçün atam həmişə deyirdi ki, səndən yaxşı şahmatçı olar. Ucarda balaca bir Şahmat məktəbi var idi. Bağçaya getdiyim dönəmlər günorta uşaqlar yatırdı, mən isə yaxınlıqdakı Şahmat məktəbinə gedirdim. Uşaqlar yuxudan duranda da bağçaya qayıdırdım. Altı yaşdan sonra həm məktəbdə təhsil alırdım, həm də şahmatla məşğul olurdum”.
Müsahibimiz “Beynəlxalq usta” adını alan ilk şahmatçı kimi tarixə düşməsindən də söz açıb:
“10 yaşımdan etibarən ailəmlə İtaliyaya köçdük. Şahmatı öyrənməyə əvvəlcə Azərbaycanda, sonra isə İtaliyada davam etdim. Əlbəttə ki, uğurlarım illərin əziyyətinin bəhrəsidir”.
M.Ağayev bildirib ki, onun üçün dünyada ən yaxşı şahmatçı Magnus Carlsendir:
“Magnus Carlsen mənim idealımdır. Onunla qarşı-qarşıya gəlməyi çox istəyirəm. Düzdür, biz 2016-cı ildə Bakıda olimpiadada görüşdük, amma taxta arxasında yox…”.
Tananmış şahmatçı qeyd edib ki, Azərbaycan şahmat aləmində çox tanınır:
“Son 15 ildə Azərbaycan şahmat sahəsində çox öndədir, hamımız bunun şahidiyik. Çünki Dünya çempionatlarında Azərbaycan dəfələrlə qalib gəlib. Rəqiblərim biləndə ki, mən azərbyacanlıyam, bir az çəkinirlər. Bayrağın İtaliya olduğunu görürlər, tanımırlar. Ancaq adı oxuyanda bilirlər ki, azərbaycanlıyam”.
M.Ağayev 22 yaşı olarkən yaşlı erməni baş məşqçisi olan rəqibinə necə qalib gəldiyini belə xatırlayıb:
“Həmin oyun mənim üçün çox önəmli idi. Əgər o oyunda qalib gəlmiş olsam, Beynəlxalq usta normasına bir addım daha yaxınlaşmış olacaqdım. Rəqibim oyunun ortasında heç-heçə qalmağı təklif etdi, razı olmadım. Həm ağlarla oynayırdım, həm də üstün idim, davam etdim və qalib gəldim. Yeganə oyun idi ki, sonda rəqibim əlimi sıxmadı, əsəbi halda ayağa durdu, fiqurları atıb getdi. Bu mənim üçün çox böyük qələbə idi ki, erməni baş məşqçisini məğlub etdim”.
Şərhlər