"Diasporla Gündəm"in bu dəfəki qonağı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Könüllüləri Assosiasiyasının xarici işlər üzrə koordinatoru Sabrin Əli Əzimdir.

S.Əzimlə söhbət zamanı BƏƏ-də Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, səhiyyə sistemi, soydaşlarımızın orada qarşılaşdıqları problemlər və s. kimi məsələlər müzakirə edilib.

"2016-cı ildən etibarən Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayır və orada Tibb Universitetində ağız və üz cərrahı olaraq dosent kimi çalışıram. BƏƏ-də bir layihə çərçivəsində nümunəvi, qeyri-adi ixtisaslarda nailiyyət əldə edən həkimlərə 10 illik "Qızıl Viza" təqdim olunurdu. Mən də buna layiq görülənlər siyahısındayam", - deyə müsahibimiz bildirib.

O, BƏƏ- də Azərbaycanın tanıdılması istiqamətində görülən işlərdən də danışıb:

"Orada yaşamağıma baxmayaraq ölkəmizə tez-tez səfər edirdim. Çalışdım ki, iki ölkə arasında münasibətləri irəli səviyəyə daşıyım. Bu, daha çox elm, təhsil-təcrübə, hər iki ölkənin Tibb universitetləri arasında mübadilə aparmaq yönündə idi. Artıq 3 qrupdan çox tibb sahəsi üzrə BƏƏ-dən Azərbaycana təhsil üçün tələbələr gəldi. Hesab edirəm ki, belə bir layihə ölkəmiz üçün mədəniyyət, turizm və tibb baxımından faydalıdır".

S.Əzim Azərbaycan və BƏƏ səhiyyə sisteminin oxşar və fərqli cəhətlərindən söz açıb:

"Mən hazırda yaşadığım ölkənin səhiyyə strukturundan çox şey öyrənmişəm. Orada çox gözəl qanun və sistem var. Artıq Azərbaycan səhiyyəsi də inkişaf edir. Struktur baxımından müəyyən yaxınlıq var. Sadəcə BƏƏ-də xarici akreditasiyalara çox önəm verirlər. Bu, əhali üçün olduqca mühüm bir amildir".

O bildirib ki, BƏƏ hər zaman bütün dünya üçün ən tələb olunan ölkələrdən biri olub:

"Bir neçə il əvvələ qədər ora qadağalar ölkəsi kimi tanınırdı. Onlar qanun baxımından hər şeyi vaxtında etməyi sevirlər. Artıq BƏƏ-də modernizasiya prosesi gedir. Ərəblərin Azərbayacanı necə tanımasına gəlincə isə artıq yanaşma dəyişib. Əvvəllər biz Azərbaycanı təqdim edəndə Rusiyanın yanında olan bir ölkə kimi tanıdırdıq. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın tanıdılmasında mühüm rol oynadı".

Müsahibədə həkim soydaşlarımızın BƏƏ-də qarşılaşdıqları problemlərə də toxunub. O bildirib ki, Azərbaycan məktəbləri ilə bağlı çatışmazlıqlar var.

"Bir neçə dəfə orada Azərbaycan dilli məktəb və kursların yaradılması, açılması yönündə müraciətlər etmişik",- deyə S.Əzim fikrini yekunlaşdırıb.