Diasporla hazırladığımız əvvəlki materialda xaricdəki icmalarımızın fəaliyyətinin zəifliyi və yaxud ümumiyyətlə, olmamasından danışmış, səbəblərini ötəri də olsa izah etmiş, güclü və dayanıqlı milli diaspor hərəkatımızın hələ də mövcud olmadığının obyektiv və subyektiv səbəblərindən bəhs etmişdik. Qeyd etmişdik ki, bu sahədə xeyli məsafə qət etmiş və böyük nəticələr əldə etmiş diasporlardan fərqli olaraq, Azərbaycan mühacir icmaları özünəməxsus cəhətləri ilə seçilən bir sosial orqanimzdir.
Çeşidli siyasi və dövlət sistemlərində yaşamış, sosial-mədəni inkişaf səviyyəsinə və tərbiyəsinə, davranış və təcrübələrə, fərqli ictimai baxışlara malik insanların bir çətir altında birləşəməsi əlbəttə, asan məsələ deyil. Bu arqumentimizə qarşı opponentlik edənlər yəhudi və erməni diasporunu misal gətirərək onların da eyni vəziyyətdə olduqlarını, buna baxmayaraq, dünyanın ən güclü mühacir icmalarını yaratdıqlarını bildirə bilərlər. Bəli, yaradıblar və ciddi nəticələr də əldə ediblər. Lakin həmin xalqların bu nailiyyətlərinin arxasında duran amillərdən təəssüf ki, biz məhrumuq.
Sözügedən millətlərin diaspor fəaliyyətindəki uğurunun kökündə duran ilk ciddi amil vahid din, yaxud vahid məzhəb, dolayısı ilə sinaqoq və kilsə amilidir. Yəhudilər hara gedirsə, üz tutduqları tək ibadət məkanları – sinaqoqlar, dini rəhbər ravinlərdir. Bu dini institut yalnız yəhudilərə məxsusdur. Ermənilərdə də eyni vəzifəni Qriqoryan məzhəbli ermənilərin ibadət və toplaşma yeri olan Qriqoryan kilsələri olub və olur.
Təəssüf ki, azərbaycanlıları birləşdirən belə bir dini institut, yaxud dəyər yoxdur. Yalnız azərbaycanlıların daşıyıcısı olduğu ayrıca din, yaxud məzhəb və yalnız azərbaycanlıları birləşdirə bilən məbəd yoxdur. Sinaqoq və kilsə yəhudi və ermənilər üçün əsrlərdir müqəddəs toplanış məkanı, məsləhət yeri olub. Xaricdə də bu ciddi faktor diaspor təşkilatlarının yaranmasında mühüm rol oynayıb. Bir sıra hallarda sinaqoq və kilsənin özü bu missiyanı öz üzərinə götürüb.
Belə bir dəyərdən məhrum olmağımız azərbaycanlıların xaricdə milli konsolidasiyası prosesini yubadır.
Başqa bir səbəb siyasi-ideoloji baxış fərqləridir. Son vaxtlar ölkədaxilindəki siyasi konfrantasiyanın xaricə köçürüldüyünün şahidi oluruq ki, bu mənfi tendensiya da sözügedən məsələdə ən böyük əngəllərdən biridir.
Həmçinin, şəxsi ambisiyaları, liderlik üstündə gedən mənasız davalar, dövlətin diaspor təşkilatları üçün ayırdığı vəsaitin mənimsənilməsi uğrunda mübarizə də bu sahədəki acınacaqlı durumun səbəblərindəndir.
Xaricdə tanınmış və böyük uğurlara imza atmış soydaşlarımızın əksəriyyəti isə təəssüf ki, əllərini daşın altına qoymağa ərinirlər. Yeri gəlmişkən, vurğulayaq ki, diaspor işinə töhfə vermək istəyənləri həvəsdən salan ciddi səbəblər var ki, bunlardan da biri, bəlkə də birincisi qeyd olunan sahəyə məsul olan qurumların prosesə yetərincə diqqət ayırmamalarıdır.
Ötən materialımızda toxunduğumuz kimi, mühacir təşkilatlarının daxili intiriqaların yaranmasında bu sahəyə məsul məmurların tamahkarlığı yaxud qeyri-peşəkarlığı rol oynayıb. Madam bizi xaricdə birləşdirən, ətrafına toplayacaq məbəd yoxdur, o zaman bu missiyanı dövlət üzərinə götürməlidir. Dövlətin isə bu sahəyə cavabdeh qurumunun məsulları hələ ki, missiyanın zəruriliyini deyəsən, tam dərk edə bilmir.
Məhz bu səbədən Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu hökumətə xaricdə yaşayan azərbaycanlıların problemləri ilə bağlı mühüm konseptual sənəd təqdim edib. Ümid edirik ki, bu sənəd diqqətlə öyrəniləcək və soydaşlarımızın Böyük Vətən naminə etdikləri çağırışa etinasız yanaşılmayacaq.
Diaspora.TV-nin
Analitik Qrupu
Şərhlər