FONDUN TARİXİ
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu 2023-cü il, 13 may tarixində İsveçin Krallığının paytaxtı Stokholm şəhərində təsis edilib. Təsis toplantısında İsveç, Almaniya, Türkiyə, Hollandiya, Böyük Britaniya, Norveç, İtaliya, Kanada, Ukrayna və Polşada fəaliyyət göstərən diaspor rəhbərləri, ictimai xadimlər iştirak edib. Toplantıya həmçinin Avstriya, BƏƏ, Monteneqro, Qazaxıstan, Almaniya, Kanada, Gürcüstan, Estoniya, ABŞ və Seneqaldan olan azərbaycanlı diaspor nümayəndələri onlayn qoşularaq Fondun təsis olunmasında iştiraklarını təsdiq ediblər. Təsis toplantısında Fondun 21 nəfərdən ibarət İdarə Heyəti formalaşıb, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov baş katibi seçilib.
FONDUN MƏQSƏDİ
Fondun məqsədi Vətənimiz Azərbaycanın mənafelərini yaşadığımız ölkələrdə hər şeydən üstün tutmaq, Prezident Cənab İlham Əliyevin diaspor siyasətinə dəstək vermək, informasiya savaşında onun yanında olmaq, icmalarımızla birgə dövlətimiz və millətimizin tanıdılması istiqamətində layihələr həyata keçirmək, bacarıqlı soydaşlarımızın, xüsusən də gənclərimizin diaspor hərəkatına cəlb olunması prosesini sürətləndirmək.
FONDUN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
İnformasiya müharibəsində Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq, ictimai fikri ölkəmizin xeyrinə dəyişmək, lobbi fəaliyyətini gücləndirmək, xarici media qurumları ilə davamlı əlaqələrin qurulması, dünyada yaşayan azərbaycanlılardan ibarət çevik qüvvələri daha operativ koordinasiya etməklə ümumi məqsədə qısa zamanda nail olmaq istiqamətində tədbirlər görmək və s.
FONDUN STRUKTURU
Təsisçilər – Emil Mirzəyev (İsveç), Hikmət Cavadov (Ukrayna), Fərid Cəfərli (Polşa), Turan Əliyev (Niderland), Sevinc Aslanova (Böyük Britaniya), Anar Sarıyev (Almaniya), Vüsal Allahverdiyev (Türkiyə), Seyran Mirzəzadə (Montoneqro), Fəxri Həsənov (Azərbaycan), Nigar Cəbiyeva (Kanada), Babək Əliyev (Norveç), Arzum Məhərrəmov (Ukrayna).
İdarə Heyəti – 21 nəfər (müxtəlif ölkələr üzrə)
Fəaliyyətdə olan baş katib - Hikmət Cavadov
Layihələr komitəsi – Turan Əliyev (Niderland)
Gənclərlə iş Komitəsi – Yusif Məmmədov (Polşa)
Mədəniyyət komitəsi – Nigar Həsən-zadə (Azərbaycan)
İdman komitəsi – İqor Ponomoryov (İsveç)
Media ilə iş komitəsi – Niyaz Niftiyev (Azərbaycan)
FONDUN KEÇİRDİYİ TƏDBİRLƏR
01.06.2023. Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun (DABF) təşkilatçılığı, Ukraynanın Azərbaycandakı səfirliyi və Ukrayna Mərkəzinin dəstəyi ilə 1 İyun – Beynəlxalq Uşaqlar Günü münasibətilə Azərbaycanda qaçqın həyatı yaşayan ukraynalı uşaqlar üçün bayram tədbiri təşkil olunub. Tədbirdə Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun Baş katibi Hikmət Cavadov, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupun rəhbəri Kamran Bayramov, Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupun üzvü Məzahir Əfəndiyev, DABF İdarə Heyətinin üzvü Arzum Məhərrəmov iştirak ediblər. Fond tərəfindən 50-dən çox ukraynalı uşağa bayram hədiyyələri təqdim olunub.
17.06.2023. Varşava şəhərində Polşa Azərbaycanlıları Şurası və Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) birgə təşkilatçılığı ilə velosiped həvəskarları üçün velotur təşkil olunub. Azərbaycan bayrağı ilə bəzədilən veloyürüş Pole Mokotowskie metrosundan Zegrze gölünə qədər 40 km məsafəlik yolda 3 dəfə fasilə edilməklə 4 saat ərzində qət edilib.
14.09.2023. Almaniyanın Münhen şəhərində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 2-ci Forumu keçirilib. Forumda 3 yeni olmaqla 18 ölkədən təmsilçilər iştirak edib. Bildirilib ki, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız arasında koordinasiyanın daha düzgün və effektiv qurulmasına ehtiyac var. Əlavə olunub ki, azərbaycanlılar dövlətimizin milli maraqları naminə təmsil olunduqları ölkələrin parlamentləri, dövlət qurumları, media və vətəndaş cəmiyyəti institutlarıyla əlaqələri gücləndirməlidirlər. Forumda diaspor fəallarına ölkəmizə qarşı hücumlardan vaxtında xəbər tutmaq üçün diqqətli olmaları, yaşadıqları ölkələrin media resurslarında dünya ictimaiyyətinə bölgədə baş verən hadisələrlə bağlı obyektiv informasiyalar vermələri tövsiyə olunub.
14.11.2023. Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təşəbbüsü ilə şairə Nigar Həsən-zadənin müəllifi olduğu “İgidlərin Sözü” layihəsi çərçivəsində Böyük Qələbənin üçüncü ildönümünə həsr olunmuş “Qayıdışın mübarək” adlı musiqili gecə keçirilib. Tədbirdə 400-dən çox qonaq iştirak edib.
20.11.2023. Bakı şəhərində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) 3-cü Formu keçirilib. “Villa Petroela” adlanan Nobel Qardaşlarının Ev-Muzeyində keçirilən Formda DABF İdarə Heyətinin İtaliya, Böyük Britaniya, Slovakiya, Polşa, Ukrayna və İsveçdən olan üzvləri, qonaq qismində isə Dünya Azərbaycanlıları Konqresinin sədri, millət vəkili Sabir Rüstəmxanlı iştirak edib. İdarə Heyətinin qərarı ilə dünyada yaşayan azərbaycanlılar arasında peşəkar idmanla məşğul olanların inkişafı, bu sahədə əlaqələrin genişləndirilməsi üçün İdman Komitəsi yaradılıb. Həmin komitənin rəhbəri isə məşhur futbolçu İqor Ponomaryova seçilib.
25.11.2023. Stohkolm şəhərində İsveç, Almaniya, Macarıstan, Rumıniya, Polşa, Hindistan, Türkiyə, Azərbaycan, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistandan olan alimlər və tədqiqatçıların iştirakı ilə “Qalib xalqın müzəffər lideri – İlham Əliyev” mövzusunda multidisiplinar beynəlxalq elmi simpozium keçirilib. Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) və İsveç Azərbaycanlıları Konqresinin (İAK) təşəbbüsü, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu, Stokholm Universiteti (İsveç), Sankt-Peterburq Universiteti (Rusiya), Sankt-Peterburq Regional İctimai Təşkilatı “Azərbaycan Milli Mədəniyyət Mərkəzi, “Çinar” (Rusiya), Dünya Azərbaycanlıları Platforması (Türkiyə) və Şamaxı rayonu Heydər Əliyev Mərkəzinin (Azərbaycan) dəstəyi ilə təşkil olunan simpozium 44 günlük Vətən müharibəsindəki qələbəmizə həsr olunub.
08.12.2023. Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun dəstəyi ilə Kiyevdə Regionlararası Kadrların İdarə Edilməsi Akademiyasında (RKİEA), nəşri Beynəlxalq Elmi Konfransın yekun mərhələsi olan “Ağıl və Hikmət işığı” elmi əsərlər toplusunun təqdimatı keçirilib. Təqdimat “Ukrayna-Türk Ortaq Mədəni İrsi”, “Dostluq” Xarkov vilayəti ictimai təşkilatının təşəbbüsü baş tutub.
08/10.12.2023. Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun dəstəyi ilə Ukraynanın kurort şəhəri olan Truskavetsdə Azərbaycan-Ukrayna Dostluğu çərçivəsində Müslüm Maqomayevin xatirəsinə həsr olunan VI Beynəlxalq Vokal Müsabiqəsi keçirilib. Müsabiqədə Ukrayna və Çinin müxtəlif şəhərlərindən olan peşəkar müğənnilər ilkin seçim mərhələsindən keçiblər. Müslüm Maqomayevin opera ariyaları, estrada mahnılarının ifa edildiyi müsabiqənin qalibi Odessa Konservatoriyasının məzunu İnna Bobomuratova seçilib.
20.12.2023. Kiyevdəki Ukrayna Aktyorlar Evində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) dəstəyi, Ukraynanın xalq artisti Qurban Abbasovun rəhbərlik etdiyi Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert keçirilib. Konsertdə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev və diplomatik korpusun əməkdaşları, Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Valeri Kolyux, DABF-ın Baş katibi Hikmət Cavadov, Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbrahimov və digər rəsmi şəxslər, diaspor fəalları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
20.12.2023. Kiyev şəhərində, Ukrinformun Media Mərkəzində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) dəstəyi və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş mətbuat konfransı keçirilib. “Heydər Əliyevin Ukrayna – Azərbaycan münasibətlərində rolu” mövzusunda təşkil olunan konfransda alimlər və ictimai xadimlər iştirak edib. Konfransa videobağlantı vasitəsilə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Kamran Bayramov, deputatlardan Razi Nurullayev, Məzahir Əfəndiyev, Sabir Hacıyev və Azər Kərimli qatılıblar.
FONDUN İCRA ETDİYİ LAYİHƏLƏR
2024-cü ilin fevralından başlayaraq Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) azərbaycanlı gənclərə xaricdə təhsil almaları üçün müraciət prosesinə dəstək layihəsinə başlayıb. Bu məqsədlə Fonda 225 nəfər müraciət edib. Müraciət edənlər arasından akademik göstəriciləri daha yüksək olan 30 gənc sonuncu - müsahibə mərhələsinə burxaılıb. Müsahibədə 30 nəfərin arasından Fondun Təhsil layihəsini qazanan 10 tələbə seçilib. Müsahibə zamanı tələbələrin akademik göstəricilərindən əlavə onların motivasiyası, sosial aktivlikləri, vətənpərvərlikləri, dünya görüşləri kimi faktorlar da əsas götürülüb. Seçilmiş 10 nəfər dünyanın ən nüfuzlu universitetlərində təqaüdlü təhsil üçün DABF-ın təhsil layihəsindən istifadə edəcəklər.
2024-cü ilin martın 1-də Diaspora.TV Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun YouTube-də fəaliyyət göstərən internet televiziyası kimi fəaliyyətini daha da aktivləşdirib.
DİGƏR
10.10.2023. Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) erməni diaspor təşkilatlarına müraciət edib. Müraciət bir neçə ölkə mediasında yayılıb.
25.10.2023. Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun həmtəsisçisi, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş tədbirdə iştirak edib. Tədbir Türkiyənin İsveçdəki səfirliyinin təşəbbüsü ilə təşkil olunub. Stohkolm şəhərində təşkil olunan tədbirdə E.Mirzəyev Türkiyənin İsveçdəki səfiri Yönet Can Tezellə görüşüb.
17.11.2023. Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) həmtəsisçiləri - Hikmət Cavadov və Emil Mirzəyev Nobel qardaşlarının Azərbaycandakı irsinin 150-ci ildönümü münasibətilə isveçli yazıçı və tarixçi Benqt Yanqfeldtin “Nobel qardaşları. İsveçli ixtiraçılar nəhəng sənaye imperiyalarını necə yaratdılar” adlı kitabının Bakıda keçirilən təqdimatında iştirak ediblər. Nobel Qardaşlarının Ev Muzeyində keçirilən təqdimat zamanı DABF həmtəsisçiləri İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzsonla görüşüblər. Səfirin diqqətinə çatdırılıb ki, Dünya Azərbaycanlıları Beynəlxalq Fondu İsveçdə qeydiyyatdan keçib və aktiv fəaliyyət göstərir.
25.01.2024. Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) hökumətə xaricdə yaşayan azərbaycanlıların problemləri ilə bağlı mühüm sənəd təqdim edib. 33 bənddən ibarət olan sənəddə xaricdə yaşayan soydaşlarımızın qarşılaşdıqları problemlərin həlli istiqamətində təkliflər yer alıb. Fondun Katibliyinin təqdim etdiyi bu təkliflər aparılan müxtəlif araşdırmaların, diaspor rəhbərləri, ayrı-ayrı elm və iş adamları tərəfindən daxil olan çoxsaylı müraciətlər əsasında hazırlanıb.
Fond haqqında daha geniş formada (həm foto, həm də video) https://ifwa.foundation/ internet resursunda tanış olmaq mümkündür.
Şərhlər