“Diasporla müsahibə” verilişinin növbəti qonağı Antalyada fəaliyyət göstərən Azərbaycan Xalqlar Dostluğu Birliyinin sədri, Türkiyə Respublikası Vəkillər Kollegiyaları Birliyi, Antalya Vəkillər Kollegiyasının lisenziyalı vəkili Lalə Həsənova olub.
L.Həsənova müsahibədə qardaş ölkədə yaşayan soydaşlarımızın aktivliyindən, sədri olduğu cəmiyyətin fəaliyyətindən söz açıb.
Müsahibin sözlərinə görə, 16 il öncə səhhətində yaranan problem səbəbindən Türkiyəyə üz tutub:
“Bura gələndən sonra müalicə aldım, sonra da burda qalıb yaşamaq qərarına gəldim. O zamandan etibarən artıq fəaliyyətimi Türkiyədə davam etdirirəm, hətta burada təhsil də aldım. Cəmiyyətimizi də təsis etdik”.
Cəmiyyət sədri bildirib ki, sədri olduğu təşkilat heç bir dəstək, vəsait almadan fəaliyyət göstərir:
“Cəmi bir dəfə Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət etmişdik. Qarşılıq verdilər, cəmiyyətimizə deyil, ancaq soydaşlarımız üçün müəyyən vəsait ayırdılar. Sonrakı müraciətlərimiz cavabsız qaldı. Heydər Əliyevin 100 illiyinə həsr olunmuş lisenziyalı Şahmat turniri təşkil etmək istədik. Lakin bizə maddi vəsaitin olmamasını əsas göstərib dəstək olmadılar. Hazırda gücümüz çatan tədbirləri edirik”.
L.Həsənova Türkiyədə yaşayan soydaşlarımızın qarşılaşdığı çətinliklərdən də bəhs edib:
“Çətinlik, problem hər yerdə olur. Soydaşlarımız bizə müraciət edirlər və bacardığımız qədər onlara kömək edirik. Mən özüm də bu çətinliklərdən keçmişəm. Məsələn, Azərbaycanda təhsil aldığım üçün Türkiyədə fəaliyyətimə görə bir sıra çətinliyim oldu. Müəyyən imtahanları verib, Türkiyə Respublikası Vəkillər Kollegiyasında, Vəkillər Kollegiyaları Birliyi, Antalya Vəkillər Kollegiyasında rəsmi üzv olaraq fəaliyyətə başladım”.
Şərhlər