“Diasporla müsahibə” verilişinin növbəti qonağı “World Panorama” Stratejik Araşdırmalar və İnkişaf Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova olub.
R.Məmmədova ilə müsahibədə Türkiyədəki Azərbaycan diasporu, qardaş ölkədə fəaliyyət göstərən azərbaycanlı alimlərin fəaliyyəti və Türkiyənin uğurlarında iştirak etmiş azərbaycanlılar müzakirə olunub.
“Səməndər Araşdırmalar Mərkəzi” İctimai Birliyi tərəfində həyata keçirilən layihədən söz açan R.Məmmədova azad Türkiyənin qurulmasında, Türk millətinin müstəqilliyinin bərpa olunmasında iştirak etmiş azərbaycanlı ziyalıların irsinin araşdırılmasının zəruriliyini vurğulayıb:
“Təəssüflər olsun ki, bu irsimizi araşdırıb - öyrənən yoxdur. Bu istiqamətdə araşdırmalara başladıq və qarşılaşdığımız bir çox nüans bizi həm duyğulandırdı, həm də çox düşündürdü. Necə ola bilər ki, elə bir çətin zamanda Türkiyə və Türk milləti üçün hər şeyi gözə alan azərbaycanlıların irsi unudulsun, araşdırılmasın. Hətta düşünürük ki, onların varisləri ilə də daimi əlaqədə olub, bugünkü Azərbaycan diasporasına töhfələr vermələrinə nail ola bilərik”.
R.Məmmədova bildirib ki, nəinki Türkiyədə, hətta dünyanın əksər ölkələrindəki Azərbaycan diasporlarının fəaliyyəti qənaətbəxş deyil:
“Türkiyədə cəmiyyətlərin və birliklərin fəaliyyəti yox səviyyəsindədir. Yeniləri açılıb, köhnələr böyüdülür, ancaq heç bir iş ortada yoxdur. Bizim diaspora sahəsindəki fəaliyyətimiz dünyada güclü olan bir çox diasporların aktivliyindən çox-çox geridə qalır. Biz artıq lobbi işinə başlamalıyıq, hətta deyərdim ki, çox gec qalmışıq”.
R.Məmmədova qeyd edib ki, Azərbaycanda türklərə böyük maraq var:
“Biz bəzən elə düşünürük ki, bu qarşlıqlıdır, təəssüf ki, belə deyil. Türkiyə bizə qardaş ölkədir, amma telekanallarında azərbaycanlılara az rast gəlirik. Mediada çıxış edənlər isə barmaqla sayılası qədər də deyil”.
Şərhlər