“Təəssüf ki, biz xaricdə yaşayan azərbaycanlılar bu məsələdə də gecikmişik. Mənfur qonşularımızın az qala hər ölkədə bir fondu var. Həmin fondlar elə o ölkələrdə yaşayan ermənilərin ianələri ilə fəaliyyət göstərir. Biz də niyə olmasın? Elə bu sualı özümüzə verib ötən ilin bu günlərində DABF-ı yaratdıq”.
Bu fikirləri Diaspora.TV-yə açıqlamasında Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Ukrayna təmsilçisi Arzum Məhərrəmov deyib.
O, qeyd edib ki, ikinci Qarabağ savaşındakı tarixi qələbəmiz DABF-ı yaratmaq ideyamızı daha da sürətləndirdi:
“Xatırlayıram, Fondun 2023-cü ilin sentyabrında keçirilən Münhen Forumundan sonra Azərbaycan Qarabağda uğurlu antiterror əməliyyatı keçirdi. Bundan sonra Azərbaycana qarşı təhdidlər daha da artdı. Biz hələ Münhen Forumunda bəyan etmişdik ki, xaricdə yaşayan azərbaycanlılar ayıq-sayıq olmalı, erməni diasporunun yalanlarını ifşa etməlidirlər. Sevindirici haldır ki, Fonda üzv olan diaspor təşkilatları bu istiqamətdə güclü iş aparır”.
A.Məhərrəmov Fondun fəaliyyət istiqamətlərinin hamıya aydın olduğunu bildirib:
“Fond müstəqil olsa da Azərbaycan dövlətinin diaspor siyasətini dəstəkləyir. Heç bir siyasi proseslərə müdaxilə etmir və siyasətlə məşğul olmur. Biz daha çox mədəniyyət, təhsil, idman və digər humanitar məsələlərdə Azərbaycan dövlətinə və xaricdə yaşayan soydaşlarımıza dəstək veririk”.
A.Məhərrəmov qeyd edib ki, ötən bir il ərzində həyata keçirilən layihələrə və təşkil olunan tədbirlərə diqqət etsəniz bu faktı açıq-aydın görərsiniz:
“Biz xaricdə yaşayan azərbaycanlılar çox aydın dərk etməliyik ki, hər şeyi dövlətdən ummaq olmaz. Biz bir çox məsələlərdə məhz dövlətə dəstək olmalıyıq. Elə layihələr və ya tədbirər var ki, bizim yaşadığımız ölkələrdə dövlət onu edə bilməz. Amma biz diaspor təşkilatları və qurumları vətəndaşı olduğumuz ölkələrdə o tədbirləri və layihələri asanlıqla həyata keçirə bilərik”.
A.Məhərrəmov 2014-cü ildə yaradılan və hazırda fəaliyyətini yenidən aktivləşdirən Diaspora.TV-nin də qısa zaman ərzində dünya azərbaycanlılarının internet kanalına çevriləcəyinə ümid etdiyini vurğulayıb:
“Qısa vaxt ərzində Diaspora.TV əməkdaşları heç bir fərq qoymadan xaricdə yaşayan soydaşlarımızla 30-dan çox müsahibə edib, onlarla açıqlamalar alıblar. Həftənin 6 günü müxtəlif verilişlər, müsahibələr və müəllif proqramı ilə videolar yayımlanır. Qarşıda yeni layihələrin də olacağına ümid edirik”.
N.Quliyeva
Diaspora.TV
Şərhlər