“Diasporla müsahibə” verilişinin növbəti qonağı Beynəlxalq Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri Kəmalə Cəlilova olub.
K.Cəlilova müsahibədə Niderlandda fəaliyyətindən, orada yaşayan diasporlardan və eləcə də sədri olduğu cəmiyyətin həyata keçirdiyi layihələrdən söhbət açıb.
Onun sözlərinə görə, diaspor fəaliyyətində 44 günlük Zəfər savaşı böyük rol oynayıb:
“1999-cu ildən etibarən Niderlandda yaşayıram. 22 yaşlı gənc bir qız dilini, adət-ənənəsini bilmədiyi halda sadəcə adını bildiyi ölkəyə getdi. İlk vaxtlar çox çətin olsa da, zamanla bu mərhələni də aşdıq. Vətəndən kənarda bir ana olmaq, ölkəni təmsil etmək mənim üçün böyük bir təcrübə idi. 25 ildir Niderlandda yaşamağıma baxmayaraq, Beynəlxalq Azərbaycanlı Qadınlar Birliyini 2020-ci ildə qurdum”.
K.Cəlilova cəmiyyətin fəaliyyətinə də nəzər salıb:
“Gördüyümüz işlər çoxdur. İstər şəhid ailələri üçün topladığımız ianələr, istər ölkəmizdə baş verən hər hansı prosesdə yaxından iştirak etmək, dünyaya səs salmaq, lazımı yerlərə haqq səsimiz eşitdirmək, saxta informasiyaların qarşısını almaq kimi bir çox önəmli işlərə imza atmışıq”.
“Diasporla İş üzrə Dövlət Komitəsindən, istərsə başqa dövlət qurumlarından heç vaxt vəsait almamışam. “Life24” kanalında apardığım verilişi də Türkiyədə yaşayan iş adamı maliyyələşdirir. Diaspora Komitəsindən bir neçə dəfə təklif etdilər ki, verilişinizi maliyyələşdirək, mən razı olmadım. Düşünürəm ki, əgər ehtiyac yoxdursa, niyə artıq vəsait alım. Həmin vəsait başqa layihələrin icrasına sərf oluna bilər”, - deyə K.Cəlilova bildirib.
Diaspor sədri işindən də bəhs edib:
“Əvvəllər yaşlıların baxımı üçün çalışırdım. Onların dərmanlarını verib, sosial-psixoloji ehtiyacları ilə maraqlanırdım. Qeydlər apardıqdan sonra həkimlər həmin yaşlının müalicəsini reallaşdırırdı. Bəzən bunu yanlış anlayırlar. Elə bilirlər ki, mən həkiməm. Azərbaycanda təhsil almışam, lakin xaricdə diplomu təsdiqləmək lazımdır. Bura diplomu ilə Avropada işləmək icazəsi yoxdur. Bir müddət sonra yaşlılar həyatdan köçəndə mənə pis təsir edirdi və bu səbəbdən fəaliyyətimi dayandırdım. “Life24”dən mənə təklif gəldi və dəyərləndirdim. Orada fəaliyyətimi davam etdirirəm”.
K.Cəlilova bildirib ki, xaricdə yaşayan soydaşlarımızın media dəstəyinə ehtiyacı var:
“Əsas problem hazırda mediaya çıxışın məhdud olmasıdır. Biz və eləcə də digər Avropa ölkələrində yaşayan azərbaycanlılar çalışırıq ki, yerli cəmiyyətə özümüzü tanıdaq. Hətta bunu bacaran soydaşlarımız da var. Ancaq bu prosesi daha da sürətləndirmək lazımdır. Digər bir məsələ də odur ki, böyük bir layihə təşkil etmək istəyiriksə, Avropa kimi yerdə böyük vəsaitə ehtiyac vardır. Maliyyə dəstəyi olmadan, birlik olmadan iş görmək çətindir”.
Şərhlər