Diaspora.TV-də yayımlanan “Uğurlu soydaş” verilişinin növbəti buraxılışının qonağı “Mergul law” Hüquq Şirkətinin təsisçisi və rəhbəri Rauf Xəlilov olub.
Uğur hekayəsindən bəhs edən R.Xəlilov 24 ildir Londonda iş fəaliyyətindən, eləcə də hobbilərindən söz açıb.
Vəkilin sözlərinə görə, Böyük Britaniya ilə Azərbaycan qanunlarında kifayət qədər fərqlər var:
“Böyük Britaniyada konstitusiya yoxdur. Bu səbəbdən də qanun sistemində fərqlər çoxdur. Bizim şirkətimiz də qanunlara əsaslanaraq fəaliyyət göstərir, hətta reklam olunmuruq. Bizə müraciət edən şəxslər bir-birindən xəbərdar olub, bizə etibar edirlər”.
R.Xəlilov hüquqla yanaşı yaradıcılıq istiqamətində yazdığı və səsləndirdiyi şeirlərindən, kitablarından, ölkələrə səyahətindən də danışıb:
“Londonda “Bazar günü” Azərbaycan məktəbi var, uşaqlara orada şahmat dərsi keçirəm. Onlarla maraqlı və əyləncəli zaman keçiririk. Hətta oyunlar vasitəsilə müəyyən təcrübələrimi bölüşürəm. Bəzən şeirlər söyləyirəm, mahnı oxuyuram, bayramlarda çıxışlarımız olur. Çalışıram ki, Azərbaycan mədəniyyətini, dilini uşaqlara çatdırım, onlar da öyrənsinlər. Öz övladlarım da başda olmaqla xaricdə yaşayan, doğulub-böyüyən uşaqlar azərbaycanlı olduqlarını unutmamalıdırlar”.
“Uşaqlara həsr etdiyim 3 kitabım işıq üzü görüb. Birinci kitabımın adı “Sidrinin əfsanəsi”dir (“The Legend of Sidri”). Bu kitabı oğlum üçün o dünyaya gələndə yazmışdım. Orada mahnılar, nəsihətlər var, çünki mən bir layihə üzrədinə yox, eyni zamanda bir neçə layihə üzərində çalışıram. Hansı ki, bir ata olaraq mən öz övladıma demək istədiyim sözləri, nəsihətləri o kitab vasitəsilə çatdırırdım. Bunu xeyriyyə layihəsi kimi etdik, kitabın satışından əldə etdiyimiz maliyyə vəsaitini iki uşağın tibbi xərclərinə ödədik. Qızım dünyaya gəldikdən sonra həyat yoldaşımın da istəyi ilə ona bir mahnı yazdım. Mən musiqiləri, əsərləri, ümumiyyətlə yaradıcı işləri çox sevirəm. İkinci kitabım isə pandemiya zamanı çap olundu. “Mimi” adlanan bu kitab balaca bir koalanın həyatı və həyatdakı çətinlikləri haqqında olan bir əhvalatdır. O kitabın sayəsində də bir xeyli maliyyə topladıq. O maliyyəni Azərbaycanda fəaliyyət göstərən autistik cəmiyyət var, onlara yolladıq. Sonuncu kitabım isə yenidir. Kitablarımı əldə edib, oxuduqdan sonra məni daha yaxşı başa düşə bilərlər”,- deyə müsahibimiz bildirib.
Hüquqşünas sonda soydaşlarımıza və gənclərə tövsiyələr də verib:
“İstedadlı gənclərimiz, xüsusilə də xaricdə yaşamaq, işləmək və ora köçmək istəyən azərbaycanlılar yaxşı düşünməlidirlər. Aldıqları qərara əsasən əzmlə çalışıb, dil biliklərini yüksək səviyyəyə çatdırmalıdırlar. Ən əsası da harada olmaqlarından asılı olmayaraq vətənlərini, adət-ənənələrini unutmayıb, yaşatmalıdırlar. Azərbaycan güclü bir dövlətdir, nə qədər ki Azərbaycan güclü olacaq, biz diasporlar da güclü olacağıq”.
Şərhlər