Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) 2024-cü il üçün nəzərdə tutduğu ilk layihəsini başa çatdırıb.
Diaspora.TV-nin qonağı olan DABF-ın Təhsil və Gənclik Komitəsinin rəhbəri Yusif Məmmədov Fondun xaricdə təhsil layihəsi çərçivəsində gördüyü işlərdən danışıb.
Y.Məmmədov bildirib ki, layihənin məqsədi Azərbaycanın davamlı inkişafına fayda verəcək gənclərin dəstəklənməsi olub.
O, qeyd edib ki, Fond istedadlı 10 azərbaycanlı tələbəyə xaricdə təhsil almaları üçün müraciət prosesini öz üzərinə götürüb.
Y.Məmmədovun sözlərinə görə, Fondun layihə üzrə öhdəlikləri - namizədlərlə təhsil konsultasiyası, namizədə uyğun universitet və ixtisasların seçilməsi, universitetlərə müraciət proseslərinin yerinə yetirilməsi, qəbulların alınması, tələbələr üçün təqaüdlərin təyin olunması, təqaüdlərə müraciət proseslərinin aparılması və viza müraciətlərinin edilməsindən ibarət olub.
Müsahibə zamanı tələbələrin akademik göstəricilərindən əlavə onların motivasiyası, sosial aktivlikləri, dünya görüşləri kimi faktorlar da əsas götürülüb.
Qeyd edək ki, seçilmiş 10 gənc dünyanın ən nüfuzlu universitetlərində təqaüdlü təhsil üçün DABF-ın təhsil layihəsindən istifadə edəcəklər.
Xatırladaq ki, Fondun seçdiyi tələbələrlə müsahibələri yaxın günlərdə Diaspora.tv-də izləyəcəksiniz.
Şərhlər