“Diasporla müsahibə” verilişinin növbəti qonağı Fransa Müqavimət Hərəkatının üzvü, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun nəvəsi, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun oğlu Müşfiq Cəbrayılov olub.
M.Cəbrayılov müsahibədə babası Əhmədiyyə Cəbrayılovun xatirəsinə həsr olunmuş filmin təqdimatı ilə bağlı təəssüratlarını bölüşüb:
“Parisdə azərbaycanlı Fransa qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr edilmiş filmin nümayişi keçirildi. Buna görə səfirliyimizə təşəkkürümü bildirirəm. Azərbaycan diaspor nümayəndələri də təqdimatda yaxından iştirak etdilər. Hər birinə dərin minnətdarlığımı ifadə edirəm”.
Müsahibimiz çəkilən film haqqında öz təəssüratlarını da bölüşüb:
“Film bizim rayonumuzda (Şəki rayonunun Oxud kəndində) çəkilib. Qısametrajlı olmasına baxmayaraq, babamın şücaət və qəhrəmanlığı filmdə yüksək səviyyədə təqdim edilib. Mən uşaqlıqdan babamın himayəsində böyümüşəm, 17 yaşımda babamı itirdim. Hər zaman onun söhbətlərinə diqqətlə qulaq asırdım. Onun yanında böyüyən, onu yaxından tanıyanlardan biri də elə mən olmuşam. Bu səbəbdən istəyirəm ki, yeni nəsil Əhmədiyyə Cəbrayılovu tanısın. Bu filmin çəkilməsinin də elə əsas məqsədi bu idi”.
M.Cəbrayılov atası Milli Qəhrəman Mikayıl Cəbrayılovla xatirələrindən də söz açıb:
“Atam da babam kimi vətənpərvər idi. O, I Qarabağ müharibəsində şəhid oldu. Mən 13 yaşında olarkən atamı itirdim. Babam atamın məzarı başında dedi ki, “Oğlumun qanı bu millətin halalı olsun”. Bu söz hələ də mənim qulağımdadır. Çünki hələ biz SSRİ tərkibində olarkən, belə bir cümləni hər adam dilinə gətirməzdi. Bizim nəslimiz ümumiyyətlə, xalqını, ölkəsini çox sevən, soydaşlarımızın rifahı üçün çalışan nəsildir. Mən də artıq təqaüdə çıxmışam, istəyirəm ki, atam kimi, babam kimi vətənim üçün çalışam, diaspor fəaliyyətində yaxından iştirak edəm”.
Şərhlər