“Diasporla müsahibə” verilişinin növbəti qonağı Çexiyada fəaliyyət göstərən “Natəvan” Cəmiyyətinin sədri, şairə Leyla Cəfərova olub.
L.Cəfərova müsahibədə sədri olduğu cəmiyyətin fəaliyyət istiqamətləri, yaradıcılığı, şairəliyi və gələcək planlarından bəhs edib.
Onun sözlərinə görə, Çexiyada "Natəvan" Cəmiyyəti II Qarabağ müharibəsindən sonra fəaliyyətə başlayıb:
“Bu səbəbdən də istər zəfərimiz, istər qələbəmiz, istərsə də Xocalı, 20 Yanvar günlərinə tədbirlər həsr etmişik. Məqsədimiz də Azərbaycan həqiqətlərini çatdırmaq, vətənimizi tanıtmaqdır”.
Cəmiyyət sədri bildirib ki, şairə və dramaturq kimi yaradıcılıqla da məşğuldur:
“Bir sıra kitabların müəllifiyəm, həmçinin tərcümə əsərlərim də var. Tərcümələrimdə çalışıram ki, məna dəyişimi olmasın. Müxtəlif ölkələrdə dilləri təmiz bilən istedadlı diasporlarla çalışır, onların da fikrini, dəstəyini alaraq bu işi ərsəyə gətirirəm. Hətta Fransada “At gedişi” tamaşasının tərcüməsini və sonra istehsalını da planlaşdırmışıq”.
Müsahibimiz əsərlərində Azərbaycan həqiqətlərindən də bəhs etdiyini bildirib:
“Xocalı faciəsi və azadlıq müharibəsi kimi ağır mövzularda yazmaq elə də asan deyil. O duyğuları oxucuya ötürmək lazımdır. Həmin duyğular sözlə ifadə edilə bilməz. Azərbaycan həqiqətlərini çatdırmaq bizim üçün çox əhəmiyyətlidir. Azərbaycanın tanıdılması üçün yaradıcılıq, teatr, kitablar, mədəniyyət və incəsənət ən yaxşı vasitədir”.
L.Cəfərova bildirib ki, diaspor olaraq fəaliyyətlərində və mədəniyyətimizin xaricdə təbliği zamanı Azərbaycanın dövlət qurumlarından da dəstək alırlar.
Şərhlər