"Diasporla müsahibə" verilişinin növbəti qonağı Avstraliyada yaşayan diaspora fəalı Ümid Ağazadə olub.
Ü.Ağazadə müsahibədə Avstraliyada soydaşlarımızın problemlərindən, Azərbaycanın tanıdılması üçün keçirilən tədbirlərdən və güneyli soydaşlarımızdan bəhs edib.
Ü.Ağazadə bildirib ki, Avstraliyaya üz tutan azərbaycanlı tələbələrin problemləri var:
"Avstraliya uzaq ölkə olmasına baxmayaraq, təhsil üçün üz tutan soydaşlarımız var. Onların hərəsi bir tərəfdə məskunlaşır, bir araya toplana bilmirlər. Hansı ki, indiki zamanda onlar bir arada olmalıdırlar. İnanıram ki, gənclər diaspora yenilik gətirəcəklər. Azərbaycanın tanıdılması, dilimizin və mədəniyyətimizin yaşadılması üçün gənclərə daha çox ehtiyac var".
Diaspora fəalı gələcək planlarından da bəhs edib:
"Birləşmək əsas problemimizdir. Məhz buna görə Azərbaycan evi açıb soydaşlarımızı bir araya toplamaq istəyirəm. Hazırda gənclərin bəziləri ilə bir araya gəlirik. Hətta güneyli soydaşlarımız dilimizi öyrənsinlər və unutmasınlar deyə birgə oyunlar təşkil edirik. Azərbaycanın tanıdılması üçün əlamətdar günləri xüsusilə qeyd edirik. Hətta Avstraliyada xüsusi bir gündə Azərbaycan bayrağı onların bayrağı ilə yan-yana dalğalanır. Bu da yerli cəmiyyətdə maraq oyadır. Maraqlanırlar ki, bu hansı ölkənin bayrağıdır, Azərbaycan necə bir yerdir və s".
Şərhlər