“Diasporla müsahibə” verilişinin növbəti qonağı Danimarka Azərbaycan “Vətən” Cəmiyyətinin sədri Mehriban Aliyeva olub.
M.Aliyeva müsahibədə "Vətən" cəmiyyətindən, atası, tanınmış diaspor fəalı Səfər Sadiqinin "Vətən" cəmiyyətini təsis etməsindən və cəmiyyətin mənəvi, şəxsi məsuliyyətlərindən, eləcə də iş qadını kimi fəaliyyətindən bəhs edib.
Onun sözlərinə görə, Danimarkada Azərbaycan həqiqətlərini tanıtmaq və yerli ictimaiyyətin diqqətini çəkmək üçün bir sıra strateji addımlar atırlar:
“Zəfər Günü, Xocalı faciəsi, Novruz bayramı kimi əlamətdar günlərdə bir araya gəlirik. Soydaşlarımızı və yerli xalqdan nümayəndələri tədbirimizə dəvət edirik. Cəmiyyətimiz Danimarkada yaşayanlar üçün isti yuva rolunu oynayır. Beləliklə, Danimarkada yaşayan azərbaycanlılar və digər millətlərin nümayəndələri arasında bir növ birgə mədəniyyət mübadiləsi və əlaqə qurulur”.
M.Aliyeva bildirib ki, qadın lider olaraq cəmiyyətin inkişafına töhfələr verməyi özünə borc bilir:
“Atamın min bir əziyyətlə qurduğu bu təşkilatı yaşatmaq və gələcək nəsillərə ötürmək ən böyük arzumdur. Cəmiyyətimiz Danimarkada Azərbaycan evinin açılması, dilimizi yaşatmaq, yeni nəsilə öyrətmək üçün məktəbin fəaliyyətə başlaması kimi məsələləri qarşısına məqsəd qoyub. Bu layihələr Danimarkada yaşayan azərbaycanlılara və Azərbaycanın tanıdılmasına müsbət təsir göstərəcək”.
Şərhlər